İngiltərənin “Çelsi” klubunun sahibi Roman Abramoviç futbolçuların hüquqlarını qeyri-qanuni ələ keçirməkdə şübhəli bilinir.

“Report” BBC-yə istinadən xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinin pulların yuyulması ilə mübarizə aparan şöbəsi rusiyalı biznesmenin öz klubundakı oyunçuları Britaniya Virgin adalarında qeydiyyata alınmış ofşor şirkət vasitəsilə almasından şübhələnib.

Araşdırma məlumatlarına əsasən, söhbət bir neçə futbolçudan gedir. Onların arasında hazırda Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunda çıxış edən Peru yığmasının cinah oyunçusu Andre Karrilyo da var. Karrilyo 2014-cü ildə Portuqaliya “Sportinq”inin heyətində “Çelsi”yə qarşı Çempionlar Liqası matçında meydana çıxıb.

2016-cı ildə ofşor şirkətin adalarda qeyri-adi fəallığı qeydə alınıb. Qısa müddətdə orada 1 milyard ABŞ dollarını aşan maliyyə əməliyyatları edilib.

Qeyd edək ki, Roman Abramoviç “Çelsi”yə 2003-cü ilin yayında yiyələnib.