Sumqayıtda onlarla gəncin şəhərin Nəriman Nərimanov adına Mədəniyyət Mərkəzinin qarşısına yığışması ilə bağlı məlumat yayılıb.

Bununla bağlı görüntülər Oxu.Az-ın redaksiyasına göndərilib.

Mədəniyyət Mərkəzinin qarşısına toplaşan valideynlərin Oxu.Az-ın müxbirinə dediklərindən məlum olur ki, səhər saatlarında Mənzil Kommunal və Texniki Xidmət Sahəsindən evlərə zəng edilərək, övladlarının hərbi biletlə Mərkəzin qarşısına gəlməli olduqları bildirilib.

Mədəniyyət Mərkəzinin qarşısına Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndələri də gəliblər.

Oxu.Az-ın müxbirinin suallarını cavablandıran nümayəndələrdən biri toplanışın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən həyata keçirildiyini və təlim məqsədi daşıdığını bildirib.