ABŞ prezidenti Donald Tramp bir neçə il bundan öncə Suriya prezidenti Bəşər Əsədin öldürülməsi ilə bağlı əməliyyat planının hazırlanmasını istədiyini, lakin daha sonra bundan vaz keçdiyini eitraf edib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Birləşmiş Ştatların dövlət başçısı mövzunu “Fox News” kanalına müsahibəsində açıqlayıb.
“Fikirəşirdim ki, onu aradan götürmək lazımdır. Özü də biz buna hazır idik. Lakin C.Mettis (keçmiş mdafiə naziri Ceyms Mettis nəzərdə tutulur-red.) plana qarşı çıxdı. Sizə bir söz deyim ki, Mettis qabiliyyətləri həddən artıq şişirdilən bir generaldır,”-deyə Tramp söyləyib.
ABŞ prezidenti nəticədə planı gerçəkləşdirmədiklərindən dolayı peşman olduğunu qeyd edib.
Qeyd olunur ki, bundan öncə jurnalist Bob Vudvord da 2018-ci ildə yazdığı “Qorxu” kitabında Trampın Bəşər Əsədin 2017-ci ilin aprelində dinc əhaliyə qarşı kimyəvi silah tətbiq etməsinə olduqca qəzəbləndiyini, məhz həmin vaxt bu planı gerçəkləşdirməyi düşündüyünü bildirib. Lakin 2018-ci ilin sentyabrında ABŞ prezidenti hərbi komandanlığın Əsədə sui-qəsd təşkil etmək planlarının olması barədə xəbərlərin həqiqətə uyğun olmadığını söyləmişdi.
Müsahibədə Donald Tramp keçmiş nazirini tənqid etməyi də unutmayıb. “Mənə görə o, olduqca bərbad general və rəhbər idi. Mettis Suriya və İraqda dini terrorçularla bacarmadı”,-deyə o bildirib.
Əsəd: “Müharibənin bitdiyini desək, həqiqətə uyğun olmaz”
Trampın bu sözlərinə hətta müsahibəni alan Brayan Kilmid belə etiraz edərək Ceyms Mettisin böyük amerikalı olduğunu, vətəninə şərəflə xidmət etdiyini deyib.
“Mən onun yaxşı və ya pis amerikalı olduğunu demirəm ki… Sadəcə onun işini yerinə yetirmədiyini vurğulamaq istədim”,-deyə Birləşmiş Ştatların prezidenti qeyd edib.