“Qalatasaray”ın sabiq kapitanı Cüneyt Tanman “Neftçi” ilə UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki görüş barədə danışıb.
64 yaşlı veteran Oxu.Az-a açıqlamasında sentyabrın 17-də baş tutacaq oyunla bağlı bunları deyib:
“Qalatasaray”ın Bakıya gedib orda oynaması çox gözəldir. Ancaq açığı desəm, matçla bağlı çox şey söyləyə bilmərəm. Çünki “Neftçi” komandasını heç tanımıram. Mövsüm öncəsi “Qalatasaray”da bəlli olmayan məsələlər var. “Neftçi” bundan yararlana bilər.
Amma yaxşı bir oyun olmasını, nəticənin nə olursa olsun, dostca bitməsini arzulayıram”.
Qeyd edək ki, Cüneyt Tanman 1972-1991-ci illərdə “Qalatasaray”da 533 oyun keçirib. Bunların əksəriyyətində kapitan kimi komandanı meydana çıxarmış Tanman iki dəfə Super Liqanın, üç dəfə Türkiyə Kubokunun və dörd dəfə Türkiyə Superkubokunun qalibi olub.