2018-ci il iyunun 12-nə keçən gecə Sumqayıt şəhərinin 41-ci məhəlləsində yerləşən “Bələdiyyə parkı”nda şəhər sakini Xəyal Abbasov aralarında yaranmış mübahisə zamanı tanışı, Neftçala rayon sakini Emil Nuriyevə mətbəx bıçağı ilə 8 zərbə vuraraq, onu qətlə yetirib.

Medianews.az BAKU.TV-yə istinadən xəbər verir ki, həmin gün polis əməkdaşları tərəfindən 76-cı məhəllədə yaşayan Xəyal Abbasov saxlanılıb.

İstintaqla müəyyən edilib ki, iyunun 11-i axşamdan iyunun 12-i səhər saat 4-dək Xəyal Abbasov tanışı Emil Nuriyevlə “Bələdiyyə Parkı”nın qarşısındakı marketdən aldığı 1 litr arağı, sonra aptekdən aldığı yarım litrlik tibbi spirti içiblər.

Sərxoş olandan sonra Nuriyev dayanacaqda, yerdə uzanaraq səs-küy yaratıb. Xidmət aparan Post-Patrul Xidmətinin (PPX) əməkdaşları onlara yaxınlaşıb, inzibati qaydada tənbeh etmək üçün onu polis bölməsinə aparmaq istəyərkən, X.Abbasov tanışını ərazidən uzaqlaşdıracağına söz verib.

Polislər getdikdən sonra o, Emilə yolun əks tərəfində yerləşən parka keçməyi təklif edib, sonuncu bundan imtina etdikdə, hərəkət etməyi bacarmayan tanışını sürüyərək parka aparıb.

Ağacların arasında, E.Nuriyev əvvəlcə onun, daha sonra anasının ünvanına nalayiq söyüşlər etdiyinə görə, Abbasov qisas məqsədi ilə üzərindəki mətbəx bıçağı ilə 8 dəfə zərbə vuraraq, zərərçəkmişi qəsdən həyatdan məhrum edib.

Xəyal Abbasov bildirib ki, şəhərin 2-ci məhəlləsində yaşayan Emil Nuriyevlə tez-tez görüşüblər. İyunun 11-də saat 24 radələrində “Bələdiyyə Parkı”nda dostu ilə görüşüb.

Marketdən alıb, içdikləri araq onlara istədiyi kimi təsir etmədiyi üçün dayanacağın yaxınlığında yerləşən aptekdən 4-5 ədəd spirt alıblar. Həmin spirti də stəkanda suya qatıb, təxminən saat yarım ərzində içib qurtarıblar. Emil ağır sərxoş vəziyətdə olduğundan ayaq üstə dayana bilməyib.

Onu sürüyərək yolun əks tərəfində yerləşən parka keçirib, ağaclığın arasında torpağın üzərinə uzadıb. Dostu zorla parka keçirildiyi üçün ünvanına söyüşlər söyməyə başlayıb.

Əsəbləşərək evdən gətirdiyi bıçağla kürəyi üstə uzanmış Emilin qarın nahiyəsinə dəfələrlə zərbələr vurub. Dostu müqavimət göstərə bilməyib.

Bədənindən təzyiqlə qan axdığı üçün artıq öldüyünü fikriləşib, bıçağı şalvarının kəmərinə keçirərək hadisə yerindən uzaqlaşıb. Həmin vaxt hadisəni görən olmayıb. Evə gedib, qana bulaşmış bıçağı və əl-üzünü yuyub.

Təxminən saat 10 radələrində yuxudan oyanıb, меyitin hadisə yerində olub-olmadığını bilmək üçün parka yollanıb, lakin cəsəd artıq orda olmayıb.

Hadisə yerində tibbi əlcəklər gördükdə meyitin aşkar edildiyini başa düşüb. Polis əməkdaşları yaxınlaşıb, onu bölməyə aparıblar, orda Emil Nuriyevi qətlə yetirdiyini etiraf edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 16 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.