Qafqazinfo” “General Polad Həşimov xatirələrdə” kitabında yayımlanan şəhid qəhrəmanımızın qızı Aybəniz Həşimova ilə söhbəti təqdim edir:

– Aybəniz, neçənci sinifdə oxuyursan?

– 11-ci sinifdə.

– Sənə Aybəniz adını kim qoyub?

– Babam, atamın atası.

– Gələcək planın nədir, hansı ixtisası seçmisən?

– Həkim olmaq istəyirəm, məni ağ xalatda görmək atamın ən böyük arzusu idi. Özümün də marağım var.

– Həkimliyin hansı sahəsi haqda düşünürsən?

– Ümumi terapiya – can həkimi…

– Niyə can həkimi?

– O sahəyə güclü marağım var. İnsan anatomiyası maraq sahəmdir, o da bu sahəylə üst-üstə düşür.

– Həkimliyə maraq hardan yarandı?

– İki xalam həkimdir, belə mühitdə böyümüşəm. Həm də biologiya, kimya, fizika fənlərini çox sevirəm.

– Tibb sahəsi – həkimlik çox çətindir. Tibbə hansısa yenilik gətirə bilmək barədə düşünmüsənmi?

– Bəzi xəstəliklərin müalicəsini tibbə qazandırmaq istəyərdim. Düzdür, mənim sahəmə aid olmasa da, şəkər, parkinson və s. kimi xəstəliklərin köklü müalicəsini tapmaq istəyərdim.

– Başqa yaradıcılıq qabiliyyətin varmı?

– Mən incəsənəti çox sevirəm, rəsm çəkməyi xoşlayıram.

– Atanız da şəkil çəkməyi sevərdi…

– Bəli. O, fotoaparatla şəkillər çəkərdi. Bir neçə dəfə onun təbiət şəkilləri çəkdiyini görmüşəm.

– Onun yaxşı əl yazısı vardı. Atanla məktublaşırdınmı?

– Mən ona heç vaxt məktub yazmamışam, telefonla əlaqə saxlayırdıq.

– Hərbçi qızı olmağın çətinlikləri nələrdir?

– Hərbçi qızları daha çox analarına bağlı olur, məncə. Düzdür, atalarını da sevirlər, amma onu gec-gec gördükləri üçün bütün qayğılarını anaları çəkir.

– Sənin atan indi bizim hamımızın atası olub. İndiyə qədər bircə sən tanıyırdın, bir də qohumlarınız. İndisə bütün gənclər, xalqımız tanıyır. Bu, necə hissdir?

– Atasız qaldığımız üçün üzülürük, bir yandan da fəxr edirik. Yaxşı insanlar dünyadan köçəndə adam özünü haqsızlığa düçar olmuş kimi hiss edir. Belə bir şey çox insana nəsib olmur. İnsanlar yanımızdadır, bizə dəstək verirlər, mən fəxr hissi yaşayıram.

– Atan səni necə çağırırdı?

– “Qara qız” deyə çağırırdı, bəzən də “Qaraca qız” deyərdi.

– Bəs sən atana nə deyərdin?

– Bizdə bir az ciddiyyət vardı. Elə də yaxın olmamışıq. Amma qardaşlarım ona “Babalıq” deyərdi.

– Atanın qardaşlarına daha çox yaxın olması səni qısqandırırdımı?

– Mən ibtidai sinifdə oxuyanda bir aralar elə bilirdim ki, atam qardaşlarımı məndən çox sevir. Qısqanırdım, onun gözünə xoş görünmək istəyirdim, daha çox dərs oxuyurdum, ona çay süzürdüm.

– Bir az böyüdükdən sonra səninlə söhbətlər edirdimi?

– Universitet seçimi haqqında danışmışdıq… Bir də mən tarixi romanlar oxuyurdum və sonra atamla həmin kitabları müzakirə edirdik. Atam həmişə deyirdi ki, kitab oxumaq lazımdır. Kitab oxuduqca insan özü hər şeyi öyrənə bilir. Kitab oxumaqla insanın nitqi də inkişaf edir və fikrini daha aydın çatdıra bilir.

– Hansı kitabları oxumusan?

– Lev Tolstoyun “Hacı Murad”, Fərman Kərimzadənin “Çaldıran döyüşü”, “Xudafərin körpüsü”, Yusif Vəzir Çəmənzəminlinin “İki od arasında”… Bundan başqa da xeyli kitab.

– Adətən, tibbə, texniki elm sahələrinə yönələnlərin humanitar elmlərlə arası olmur, sən necə fikirləşirsən?

– Atam bizi buna uyğunlaşdırıb. Biz görürdük ki, o, əlində kitab tutub oxuyur, bizdə də maraq yaranırdı. Anam deyirdi ki, o bununla sizə göstərmək istəyir ki, baxın, mən oxuyuram, siz də oxuyun.

– Axırıncı görüşünüz nə vaxt olub?

– Axırıncı dəfə bizi Qəbələyə yola saldı, əşyalarımızı yığmağa kömək etdi, bizi maşına oturtdu və “Sağ ol, qızım” – deyib getdi… İşə tələsirdi. Mən həmin gün çox kövrəlmişdim, maşında ağladım, amma o bunu görmədi.

– Uşaq vaxtı xatirələrindən nə yadında qalıb?

– Atamla biz Sumqayıtda parklara, dənizə gedirdik, hətta atam maaşını almağa da mənimlə gedərdi, dostlarıyla görüşə də məni aparardı. Çox xoşuma gəlirdi onunla gəzmək, biz sanki bir-birimizə uyğun idik.

– Atan boylu-buxunlu, enlikürək idmançı bir insan olub, amma deyəsən, sən idmanla məşğul olmursan?

– Atama deyirdim ki, sənin boyun 1,80 sm.-dir, mənimki isə 1,62 sm. Niyə mən qısayam? Deyirdi ki, uzanacaqsan, qızım.

– Tibbə getməyi planlaşdırırsan: yerli, yoxsa xarici universitetləri seçəcəksən?

– İlk dörd il burada oxuyacam, sonra xaricə gedəcəm, bəlkə, Türkiyəyə getdim.

– Fizikanı niyə sevirsən?

– Riyaziyyata yaxın olduğu üçün.

– Doğum günündə atan sənə nə hədiyyə alırdı, yadında qalanı varmı?

– Ən son 16-cı ad günümdə atam təlimdə idi, ad günümə gecikmişdi. Dağdan sünbül yığıb gətirmişdi. Bu mənim üçün çox dəyərli idi, mənəvi dəyəri çox böyükdü.

– Heç olubmu, sizin ad günlərinizdə atanız işdə olub və gələ bilməyib. O anda nə hisslər yaşamısan?

– Uşaq yaşlarımda inciyirdim, amma böyüdükcə anladım ki, atamın boynunda çox böyük məsuliyyət var, o, vətən üçün çalışır. O bizim burada rahat yaşamağımız üçün oradadır. Mən anladım ki, bu onun bizə qarşı laqeydliyi yox, vətənə qarşı sevgisindən irəli gəlir.

– Hərbçi geyimində olan Polad Həşimovla geyimi çıxarandan sonrakı Polad arasında fərq vardımı?

– Uçurum qədər fərq vardı. Hərbçi geyimli atam ciddi, zəhmli idi. Geyimi çıxarandan sonra zarafatcıl və səmimi olurdu.

– Sənin çiyninə çox ağır bir yük düşür: artıq indidən sonra sənin hər bir hərəkətin göz önündə olacaq və nə etsən, deyəcəklər ki, bu, Polad Həşimovun qızıdır. Bunun fərqinə vara bilirsənmi?

– Atam həmişə bizə fikir verirdi: necə hərəkət etməyimizə, necə danışmağımıza, geyimimizə, əlimizdə telefon, yoxsa kitab saxlamağımıza. Atam fiziki cəhətdən yanımızda olmasa da, mənəvi cəhətdən yanımızdadır. İndi özü olmasa da, qoyduğu qaydalar olduğu kimi qalır və mən həmişə bu qaydalara əməl edəcəyəm.

– Qarşıda səni tələbəlik illəri gözləyir… Bir tərəfdən də, sənin rəssamlığa meylin var. Bəs bu sahəni hobbi olaraq davam etdirmək istəyirsənmi?

– Anamla atam demişdi ki, sənin üçün atelye açarıq, orada rahat məşğul olarsan. Əlbəttə, Allahın verdiyi qabiliyyətin üstündən xətt çəkmək olmaz.

– Atanın portretini çəkmisənmi?

– Xeyr… Atamın portretini çəkməyə əlim gəlmir. Amma bir gün mütləq çəkəcəyəm!

– Bu hadisələrdən sonra Azərbaycan xalqına, millətimizə münasibətin, sözün nədi?

– Mən birdən-birə bu qədər gəncin ayağa qalxdığını, coşduğunu görəndə fəxr hissi yaşadım. Bildim ki, bu gənclər bəzilərinin zənn etdiyi kimi, əlində telefon oturan gənclər deyilmiş – onların da saf vətənpərvərlik hissləri var. İstəyərdim ki, bu ruh ölməsin, davam etdirsinlər: axı biz Koroğlunun, Xətainin, Nadir şahın qanını daşıyırıq.

Söhbətləşdi: Şəmil Sadiq