Xəbər verdiyimiz kimi teleaparıcı Rövşanə Ağasəfqızı ARB telekanalı ilə yollarını ayırıb.
Məsələ ilə bağlı daha detallı almaq üçün Musavat.com-un əməkdaşı teleaparıcı ilə əlaqə saxlayıb. Rövşanə Ağasəfqızı işdən çıxarılmasını bu cür izah edib:
“Heç bir səbəb göstərilmədən televiziya rəhbərliyi iş müqaviləmə xitam verdi. Mən də heç bir haqqımı tələb etmədən, sakitcə yollarımızı ayırdım. Çünki rəhbərliklə çox gözəl, xoş münasibətlərim olub.
Sözün düzü, işdən ayrılmağım ilə bağlı bu günə qədər heç bir mətbuat orqanına açıqlama verməmişdim. Sadəcə, bu gün saytların birindən mənimlə əlaqə saxlayıb, məsələ ilə bağlı sual verdilər, mən də təkzib etmədim. Yəni, yalan olaraq nə isə deyə bilməzdim”.
Aparıcı verilişinin reytinqli olmadığı üçün bağlandığını dedi:
“Sadəcə, reytinqli olmadığı üçün xitam verildi. Mən də bu haqda heç nə soruşmadım. Hətta bir neçə gün sonra məni başqa bir layihəyə dəvət etdilər. Lakin bu məsələ çox xətrimə dəymişdi, incimişdim. Ona görə də təklifi qəbul etmədim.
Pandemiya dövründə, ilin-günün bu vaxtında müqaviləyə xitam verilməsi nə dərəcədə doğrudur? Bu qanunla necə tənzimlənir, onu bilmirəm. Hətta pandemiya dönəmində işçilərin işdən çıxarılmaması ilə bağlı dövlət başçısının da tövsiyəsi var”.
Teleaparıcı yeni təklifləri dəyərləndirəcəyini də vurğulayıb:
“İnanıram ki, gələcəkdə yeni layihələr, təkliflər olacaq və onları dəyərləndirəcəm”.
Qeyd edək ki, Rövşanə Ağasəfqızı ARB-də bir neçə reytinqli verilişlərin aparıcısı olub.