Ötən il valideynlərinin arzusu ilə 652 balla Tibb Universitetinin “Müalicə işi” fakültəsinə daxil olan 18 yaşlı Lənkəran şəhər sakini Mirənvər İsmayılov seçiminin ürəyincə olmadığını görüb.

Medianews.az BAKU.TV-yə istinadən xəbər verir ki, bir neçə ay Tibb Univeristetinin auditoriyasında oturan gənc anidən ürəyinin səsinə qulaq asaraq, ərizə yazıb, ali məktəbdən imtina edir.

Yenidən qəbul imtahanlarına hazırlaşmağa başlayır. Beləliklə, gənc 11-ci siniflər üçün keçirilən qəbul imtahanının birinci mərhələsində maksimum nəticə olan 300 bal toplayıb.

O, nəinki oxuduğu məktəbin, eləcə də, respublikanın maksimum nəticə göstərən abituriyenti olub.

Onun hədəfi isə Bakı Ali Neft Məktəbinin “İnformasiya təhlükəsizliyi” ixtisasına qəbul olmaqdır.

Qeyd edək ki, Mirənvər İsmayılov ötən il ABŞ universitetlərinə keçirilən qəbul imtahanlarında da yüksək nəticə göstərib. Azərbaycan Tibb Univeristetinə daxil olduğu üçün orada ixtisas seçimində iştirakdan imtina edib.