“Mən təklif edirəm ki, bütün sosial layihələr fəaliyyət göstərsin. Hər yer açılmalıdır, sadəcə karantin davranışları sərtləşdirilməlidir”.

Bu fikri BAKU.WS-ə Tibb elmləri doktoru Adil Qeybulla bildirib.

Onun sözlərinə görə, metro bağlandığı üçün bütün yük düşüb ictimai nəqliyyatın üzərinə: “Bu qədər əhalini ictimai nəqliyyatda daşımaq asan iş deyil. Bu işin təşkili ilə bağlı Bakı Nəqliyyat Agentliyi əlindən gələni etsə də, nöqsanlar var.

Çünki əhalinin bütün hissəsinin daşınma yükü ictimai nəqliyyatın üzərinə düşüb. Digər tərəfdən ictimai nəqliyyatda yoluxma imkanı və potensialı üçün real şərait var.

Hesab edirəm ki, biz koronavirus problemindən çıxmaq üçün dünyanın getdiyi yoldan istifadə etməliyik. Həm metro, həm də ictimai nəqliyyat işləməlidir. Bütün qapalı məkanların hamısı fəaliyyət göstərməlidir. Amma qapalı məkanlarda sərt karantin tədbirləri olmalıdır.

Bu məkanlara daxil olarkən və oranı tərk edərkən maskadan istifadə edilməli, əllərin dezinfeksiyası və sosial məsafə qaydalarına riayət edilməlidir. Bu qaydalara riayət etməyənlər isə ciddi şəkildə cəzalandırılmalıdır”.