Qohumlar arasında düşən mübahisə sonda qanla bitib.
Medianews.az BAKU.TV-yə istinadən xəbər verir ki, hadisə gecə saatlarında Şabran rayonunun Günəşli kəndində baş verib. Rayon sakini Taleh Atamoğlanov mübahisə zəminində dayısı oğlu Ələkbər Əmirovu bıçaqlayıb.
Onu yuxusundan oyadan qohumlar həyətdə kiçik məclis qurub, yeyib-içiblər. Daha sonra tərəflər arasında mübahisə baş verib. Mübahisə isə qanla bitib.
Qətli törədən Taleh Atamoğlanovun atası isə deyir ki, məclis keçirilən zaman oğlu içkili halda öz evində olub. Səs-küyü eşidib çölə çıxıb. Daha sonra isə evə qayıdıb bıçağa əl atıb.
Mərhumun doğmaları Ələkbərin ölümündə Şabran rayon xəstəxanasının həkimlərini günahlandırırlar.
Elə qarşı tərəfdən də Şabran xəstəxanasının həkimləri günahlandırılır. Bildirilir ki, mərhum ayaq nahiyəsindən bıçaq zərbəsi alıb. Amma ona yardım edilmədiyindən qanaxmadan həyatını itirib.
Qətli törədən Taleh ilə mərhum Ələkbər arasında əvvəllər heç bir mübahisə olmayıb, əksinə çox mehriban olublar.
Kənddə zəhmətkeş və sakit təbiətli biri olan Ələkbər evli olub. Bir övlad atası olan mərhumun bu yaxınlarda daha bir övladı da dünyaya göz açacaqmış.
Hazırda hadisəni törədən 1995-ci il təvəllüdlü Taleh Atamoğlanov polis tərəfindən saxlanılıb. Hadisə yerinə Şabran rayon Prokurorluğunun əməkdaşları tərəfindən baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam edir.