Qəribə işdir, biz ermənilərlə savaşanda elə çıxır ki, xuliqan və banditik, amma onlar eyni şeyi edəndə cəsur və qoçaqdırlar. Onlar ortalığa çıxıb aksiya keçirəndə öz xalqlarının ümdə mənafeyi üçün çalışırlar, amma biz aksiya keçirəndə “hakimiyyətin güclənməsi üçün manipulyasiya aləti” oluruq.

Bizimkilər Avropa ölkələrində ermənilərə güc gələndə bu “sivil mübarizə qaydalarının pozulmasıdır” və günah bizdədir, amma onlar bizimkiləri döyəndə bu, onların təxribata cavab tədbirləridir, günah yenə bizdədir. Hətta “qarşı tərəf odlu silaha əl atsa”, günah yenə bizdə olacaq.

Yəni, söhbəti nə cür fırlayırıq, fırlayaq, jarqonla desək, “neprav” çıxırıq. Həm də bizi “neprav” çıxaran ermənilər deyil, özümüzünkülərdir.

İyulun 12-dən bəri N qədər dava-dalaş videolarına baxmışam. Gördüyüm budur ki, bizim camaat aksiyaya başlayanda əvvəl-əvvəl sakit və təmkinlidir, şüarlar səsləndirərək nümayiş keçirirlər, qəfildən böyürdən ermənilər çıxır, söyür, qışqırışırlar, həmlə edirlər, düzən pozulur.

Bizimkiləri də ata əkib, ana doğub, bir yerə qədər hövsələ edirlər, sonra baş çönür. Çünki hövsələli olmaq o demək deyil ki, bu qədər söyüşü, həmləni sonadək kanta atmaq lazımdır. Elə olmur. Onda görürsən ki, bir dəliqanlımız çıxdı, hücumçu gədəyə əldən iki dənə geydirdi, ortalıq qarışdı.

Məsələn, I London davasında erməni fəalı şeytan qıdıqlayırdımı ki, çempion kikboksçumuzun üstünə cumsun? Adamda başıxarablığa bax, görür ki, qarşısındakının əzələsi köynəyinin qolunu cırır, yenə cumur. O da, Allah tərəfi, rəqibini vurmadı, onun öz aqressiya və enerjisini özünə yönəltdi və gədə tirtap olub sərildi London küçəsinin asfaltına. Hələ Hafiz adlı idmançımızı təqdir etmək lazımdır ki, vaxtilə boksçu Məhəmməd Əlinin rinqdə etdiyi hərəkəti təkrarladı, yıxılmaqda olan rəqibinin qulağının dibinə əlavə bir dənə də tutuzdurub nokauta göndərmədi.

Yaxud başqa bir video: Bizimkilər öz mağazalarında haqq-hesab edərkən içəri 3 erməni girir və salam-əleyk eləmədən cumurlar. Bizim uşaqlar 2-3 saniyədən sonra məsələnin nə yerdə olduğunu anlayır, müqavimətə başlayırlar. Bilmirəm, idmançıydılar, ya yox, amma bizimkilərin əl-qol hərəkətlərindən görünür ki, qoçaq uşaqlardır. Biri iki erməniyə cavab verdiyi yerdə o biri təkbətəkə çıxır və 5-6 saniyənin içində hücumçu ermənilərin ikisi qapıdan çıxmağa macal tapır, biri qalır. Əlbəttə, o içəridə qalan erməninin məlum dava barədə xatirələri daha acı olar.

Əksər videolardakı görüntülərin məzmunu belədir: bizimkilər qara fiqurlarla, ikinci başlayır və təklənməyiblərsə, təkbətək və ya beş-beşə davadırsa, iki gedişə rəqiblərini mat edirlər.

Bir çox həmvətənlərimiz deyirlər ki, bu, küçə davası ilə həll olunan münaqişə deyil. Düz deyirlər. “Qrad” bombardmanıyla, tank, top atəşləri ilə həll olunmayan məsələ hansısa meqapolisin küçələrində şillə-təpiyə çıxmaqla həll oluna bilməz.

Amma bizim dalaşqan uşaqlar da o iddiada deyil. Məsələn, kikboksçu Hafiz o fikirdə deyil ki, Araz Əzimovun əvəzindən Qarabağ danışıqları aparsın, Hafizin bildiyi odur ki, üstünə cuman, milli bayrağımıza həqarət edən dığaya yumşaq halda itələtmə, sərt halda bir şapalaq vursun, desin, yeri, cəhənnəm ol o tərəfə.

Əslində bu da düz deyil, milli pasifistlər şillə-təpik mübarizəsini də qəbul etmirlər və çox düz deyirlər ki, sivil insanlar münasibətlərini fiziki təzyiq metodu ilə həll etməməlidirlər.

Qızıl kimi sözlərdir. Amma nə edəsən ki, canavarın qorxusundan şikara yaxın gələ bilməyib, sağdan-soldan soxulan çaqqallar kimi həmlə edən bəzilərini geri oturtmaq lazım gəlir və bu zaman şapalaq son çarə olur.

Elə emosional adamlar var ki, üzünə qarşı atasına söysən, cavab verməyə bilər, amma gözü baxa-baxa bayrağına həqarət eləsən, adamın leşini atar. Ona görə də ermənilər də gərək bir az təmkinli olsunlar. Xüsusilə də hər dəqiqəbaşı cumub bayrağa ilişsələr, mühəqqəq bir hozu həmvətənimiz tapılacaq, bayrağın sapını çıxarıb dədə-babadan qalma fəndlə istifadə edəcək.

İndi biz ziyalı olaraq xaricdə ermənilərlə davaya çıxan soydaşlarımıza nə tövsiyə edə bilərik? Ermənilərlə uzun-uzadı dalaşmayın, süpürləşməyin, qabaq-qabağa durub itələşməyin, nə bilim, gendən-genə söyüşməyin, sadəcə, özünüzü müdafiə edin… amma arada basın, döyün.