Koronavirusla mübarizə dünyada fərqli mənzərələrə səbəb olur. Bunların sırasında heç şübhəsiz ki, virusun varlığı və ya yoxluğu ilə bağlı xəbər yayanların aqibəti üstünlük təşkil edir. Belə ki, bəzi ölkələrdə “virus var” deyənlər cəzalandırılır, bəzilərində isə “virus yoxdur” deyənlər.
Musavat.com xəbər verir ki, dünyanın ayrı-ayrı ölkələrində sırf yanlış təbliğata görə cəzalandırma statistikası xeyli qabarıqdır.
Başlayaq Misirdən. Misirin zəif səhiyyə sistemi haqqında məqalə yazan bir həkim həbs olunub. Onlayn-da qoruyucu marerialların çatışmazlığı barədə danışan bir əczaçı isə işdən çıxarılıb. Koronavirusla bağlı rəsmi rəqəmləri şübhə altına alan bir redaktor evindən aparılıb. Hamilə bir həkim həmkarının onun telefonundan istifadə edərək, koronavirusla bağlı məlumat verməsindən sonra həbs olunub.
“Amerikanın səsi” yazır ki, Misir rəsmiləri sürətlə yayılan koronavirusla mübarizə apararkən, ölkənin təhlükəsizlik orqanları prezident Əbdül Fəttah Əl-Sisi hökumətinin səhiyyə böhranının aradan qaldırılması ilə bağlı addımlarına qarşı tənqidləri boğmağa çalışır.
İnsan haqları qrupları fevral ayında virus Misirdə ilk dəfə baş qaldırandan bəri azı 10 həkim və 6 jurnalistin həbs olunduğunu, tibb işçilərinin cəzalandırılmamaları üçün müdirləri tərəfindən səssiz qalmağa məcbur edildiyini bildirib. Bir xarici müxbir həbs olunmaqdan qorxduğu üçün ölkədən qaçıb, digər iki nəfərə isə “peşə qanununu pozduğu” üçün töhmət verilib.
Koronavirus 100 milyonluq ölkədə artmaqdadır və xəstəxanalarda yer olmamaq qorxusu var. Bazar ertəsi ölkənin Səhiyyə Nazirliyi 76 min 253 yoluxma, 3 min 343 ölüm halının qeydə alındığını bildirib. Bu, ərəb dünyasında ən yüksək ölüm halları olan ölkədir.
Bununla paralel, Rusiyada da ilginc məhkəmə işi gerçəkləşib. Rusiya məhkəməsi pandemiya haqqında yalan məlumat yaydığına görə Kremlin qapanma əmrlərinə etiraz edən və koronavirusdan imtina edən rahibə cəza verib.
Ural Dağları bölgəsindəki məhkəmə Sergiy ataya 90 min rubl (1250 dollar) pul cəzası qərarı verib. Ardıcıllarını kilsə rəhbərliyinə itaət etməməyə və pandemiya zamanı kilsə qapanmalarına məhəl qoymamağa çağırmaqla ölkədə diqqəti cəlb edən 65 yaşlı rahib məhkəmə iclasında iştirak etməyib.
Cümə günü Yekaterinburqda Rusiya Pravoslav Kilsəsi kollegiyası rahib Sergiyi monastır qaydalarını pozduğuna görə onun üzvlüyünü ləğv etmək qərarına gəlib. O, iclasa gəlməyib və hökmü də rədd edib. Tərəfdarlarını keçən aydan bəri saxlandığı Sredneuralsk qadın monastırını qorumağa gəlməyə səsləyib.
Cümə günü tərəfdarları tərəfindən yayımlanan videoda Sergiy ata Prezident Vladimir Putini şeytani bir “dünya hökumətinə” xidmət edən “vətən xaini” olaraq qınayıb və Rusiya Pravoslav Kilsəsinin Patriarxı Kirill və digər ali din xadimlərinin “atılmalı” olduğunu deyib.
Putinin mətbuat katibi Dmitri Peskov Kremlin üsyançı rahiblə bağlı hadisələrin inkişafını izləmədiyini bildirib.
Yoluxmalar Rusiyanı bürüdükdə Sergiy ata koronavirusun mövcud olmadığını elan edib və hökumətin yayılmış hadisəni “şeytanın elektron düşərgəsi” olaraq qiymətləndirib. Rahib COVID-19 əleyhinə hazırlanan peyvəndləri kütlələri çip vasitəsilə idarə etmək üçün qlobal süjetin bir hissəsi kimi təsvir edib.
O, ölkə üzrə qapanma zamanı kilsələrin bağlanması məsələsində dindarları itaətsizliyə çağırmışdı. Rusiyadakı pravoslav kilsələri aprelin 13-də COVID-19 yoluxmalarının sürətlə artması şəraitində bağlanmışdı və hökumətin məhdudiyyətləri azaltması ilə iyunun əvvəlində yenidən açılmasına icazə verilmişdi.
Bundan başqa, bu ilin fevralında İranın hüquq-mühafizə orqanları ölkədə koronavirus barədə bilərəkdən yalan məlumat yaymaqda şübhəli bilinən 24 nəfəri həbs edərək məhkəmə orqanlarına təhvil verib. Bunu İran kiberpolisinin rəhbəri Vahid Məcid deyib. Onun sözlərinə görə, kiberpolis internetdə yayımlanan materialların, o cümlədən video, xəbər və fotoşəkillərin yalan məlumat olması predmeti üzrə ətraflı monitorinq aparır.
May ayında isə sosial mediada koronavirusun yayılması ilə bağlı yalan ifadələr işlətdiyi iddia edilən 320 nəfər həbs edilib. Bu barədə “İranlı İşçilər” agentliyinə açıqlamasında İran Polis Xidməti komandiri, general Hüseyn Eşteri bildirib.
Bu ilin aprel ayında Rusiya Həkimlər Birliyinin rəhbəri Anastasiya Vasilyeva koronavirusla əlaqəli yalan xəbərlər yaydığı üçün həbs edilib.
Anastasiya Vasilyeva martın 20-də sosial şəbəkədə görüntülü paylaşım edərək koronavirusla bağlı ölkədə reallıqların gizlədildiyini və koronavirusa yoluxma hallarının vərəm xəstəliyi kimi qeydə alındığını bildirib.
Meet the Activist-Doctor Who Has Become the Kremlin’s Loudest …
A. Vasilyeva həmçinin həkimlərə qoruyucu uniformalar verilmədiyini və rəsmilərin “koronavirus” sözünü istifadə etməkdən qaçdığını bəyan edib.
Məlumata görə, Rusiya Həkimlər Birliyinin rəhbəri gecə saatlarında həbs edilib. Rusiya Həkimlər Birliyi tvitter üzərindən açıqlama yayaraq bəyan edib ki, Vasilyeva və bəzi şəxslər Novqorod bölgəsində həbs ediliblər.