Həftə sonu karantin rejiminin yenidən gücləndirilməsi ilə Bakıdan rayonlara axın yenidən başlayıb. Hazırda Bakıdan çıxışda böyük tıxac yaranıb.
Musavat.com xəbər verir ki, xeyli sayda insan Bakıdan çıxaraq rayonlara getmək istəyir. Bu səbəbdən də Bakıdan çıxışda əsas nəzarət postu olan Ələtdə böyük tıxac yaranıb.
Ötən həftə sonu qadağalarında olduğu kimi bu dəfə də insanlar Bakını tərk etməyə çalışır. Lakin indi vəziyyət tam fərqlidir. Həm sürücülərin istifadə etdiyi torpaq yollar bağlanıb, həm də əvvəlki kimi icazəsi olanların bir çoxunun da Bakıdan çıxışına icazə verilmir.
Artıq yay fəsli olduğu üçün Bakıda çalışan insanların əksəriyyəti məzuniyyətə çıxıb və onlar da rayonlara getməyə çalışır. Amma həmin şəxslərə də qadağalar var.
Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat katibi, polis polkovniki Kamran Əliyev də bu mövzu haqda danışıb.
K.Əliyev bildirib ki, rayon qeydiyyatı olan, amma Bakıda işləyənlərin də çıxışına məhdudiyyət tətbiq edilir.
Hazırda Bakıdan çıxışda yaranan sıxlığına əsas səbəblərindən biri də budur.
İndi Bakıda işləyən və məzuniyyətə çıxan şəxslər bölgələr getmək istəyir. Məzuniyyət bitdikdən sonra isə Bakıda işlədiyi üçün paytaxta qayıtmaq işləyəcəklər. Rəsmilər deyir ki, bu da virusun sürətlə yayılmasına şərait yaradacaq.
K.Əliyev deyib ki, bu səbəbdən də məzuniyyətə çıxan hər kəsin istədiyi rayona getməsinə icazə verilməyəcək.
Buna görə də Bakıdan çıxışa yalnız zərurət olan hallarda, kənd təsərrüfatı ilə məşğul olanlar yaxud xidməti fəaliyyətlə bağlı ezamiyyətə gedənlərə icazə veriləcək.