Aynar Məmmədov maşını sərxoş idarə etdiyi üçün saxlanıldı; daha bir qardaşı oğlu isə qonşularının yolunu kəsib 

Sabiq nəqliyyat naziri Ziya Məmmədov bir neçə ildir vəzifəsindən uzaqlaşdırılsa da, yenə yaxın qohumları qalmaqallarla gündəmə gəlməyi bacarırlar.  Bu dəfə isə Məmmədovlar bir gündə iki dəfə mediada “qəhrəman” olublar.   

Belə ki, Z.Məmmədovun sabiq deputat olan qardaşı Elton Məmmədovun oğlu Aynar Məmmədov sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə inzibati məsuliyyətə cəlb edilib.

Report. xəbər verib ki, Dövlət Yol Polisinin protokoluna əsasən, onun sürücülük hüququndan məhrum edilməsi ilə bağlı işə Səbayel Rayon Məhkəməsində baxılır. Qeyd edək ki, Aynar Məmmədova İnzibati Xətalar Məcəlləsinin 333.1-ci (Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə) maddəsi ilə protokol yazılıb. Bu inzibati xətaya yol verən şəxslər 400 manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır.

Ziya Məmmədovun qardaşı oğulllarının adı yenə qalmaqalda

“Başlarına daş salıb mənim oğlanlarım?” “Qaynarinfo” saytına  açıqlamasında E.Məmmədov oğlunun sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı xəbərdən danışarkən belə deyib. Onun sözlərinə görə, yayılan məlumat həqiqəti əks etdirmir: “Mənim oğlanlarım həyatı boyu içki içməyib, siqaret çəkməyib, idman sahəsində böyük nüfuz sahibidirlər. Karantin dövründə evdən çölə də çıxmayıblar. Başlarına daş salıb mənim oğlanlarım? İşləri ilə məşğul olsunlar. Belələrini verəsən məhkəməyə. Görsünlər ki, məhkəməyə cəlb olunan kimdir? İctimaiyyətə niyə yanlış məlumat verirlər?” Aynar Məmmədov  Oqtay Əsədovun spikerliyi dönəmində Milli Məclisin Beynəlxalq münasibətlər şöbəsinin əməkdaşı idi. Ötən ilin iyulunda isə ona şöbənin baş müşaviri vəzifəsi verilmişdi. Amma O.Əsədov dönəmi başa çatdıqdan sonra A.Məmmədovun da işsiz qaldığı deyilir.  Aynar Məmmədov həm də bahalı avtomobillər azarkeşidir. Hətta bir müddət öncə onun “Ferrari” aldığı xəbəri də vardı.

Ziya Məmmədovun qardaşı oğulllarının adı yenə qalmaqalda

Elton Məmmədova gəlincə, o, bu ilin yanvarında Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin  sərəncamı ilə AMEA-nın İşlər İdarəsinin müdiri təyin edilib.

Maraqlıdır ki, iyulun 2-də Məmmədovlarla bağlı daha bir qalmaqal ortaya çıxıb. Biləcəri qəsəbəsinin Yəhya Hüseynov küçəsində yaşayan sakinlər küçənin hər iki tərəfdən hörülməsindən, yolun kəsilməsindən şikayət ediblər. Bu barədə redaksiyamıza müvafiq şəkillər göndərən şikayətçilərdən biri – Günay Hüseyn qeyd edib ki, bu ağır karantin günlərində azyaşlı uşaqların yeganə əyləncə yeri olan küçənin hasarlanması ilə onlar evə qapanmalı olacaqlar.  Küçənin hasarlanması təşəbbüsünün şəkillərdə görünən, darvazası qəsr girəcəyini xatırladan imarətin sahibindən gəldiyi bildirilir. Bu ev isə sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Nəriman Məmmədovun ailəsinə məxsusdur.

Ziya Məmmədovun qardaşı oğulllarının adı yenə qalmaqalda

Nəriman Məmmədovun adı oxuculara bir zamanlar başqa bir villasında qətl törədilməsi ilə bağlı yaranan qalmaqaldan tanışdır. O zaman onun Qusar rayonunun Çiləgir qəsəbəsində yerləşən villasının gözətçisi N.Məmmədovun gözü qarşısında başqa bir nəfəri öldürüb və sabiq nazirin qardaşı bu hadisədən şoka düşərək uzun müddət müalicə alıb, 2016-cı ildə vəfat edib.

Ziya Məmmədovun qardaşı oğulllarının adı yenə qalmaqalda

İndi küçənin hasarlanmasının əsas səbəbi olaraq mərhum N.Məmmədovun ailə üzvlərinin küçədən gələn səs-küydən narahat olduğu göstərilir. Küçəni kəsmək üçün göstərişin konkret olaraq N.Məmmədovun oğlu Fuad Məmmədov tərəfindən verildiyi deyilir. Hadisə ilə bağlı şikayətçilər öz narazılıqlarını  öncə ev sahibinə ünvanlamaq istəyiblər. Ancaq onların qarşısına çıxan Akif adlı şəxs (güman ki, F.Məmmədovun qohumu, mühafizəçisi) bildirib ki, onlar küçəni “yaxşı edib kəsirlər, küçə məhz onlarındır, şikayətçilər əllərindən gələni beş qaba çəksinlər”. Küçə sakinləri icra hakimiyyətinə, bələdiyyə şurasına müraciət etdiklərini, hələ lazımi cavab almadıqlarını, ona görə də məsələni ictimailəşdirməli olduqlarını bildiriblər.