ARB TV-nin “Rezonans” proqramında bu dəfə Xalidə adlı qadın öz həyat hekayəsini danışıb.

“Bir tanışım var idi, onlara gedib-gəlirdim. Gördüm ki, şəraiti çox yaxşıdır. Soruşdum ki, nə işlə məşğulsan? Dedi ki, narkotik satıram. Mən də bunun qorxulu olub-olmadığını soruşdum. Mənə dedi ki, burada qorxulu heç nə yoxdur.

Sonra mən başa düşdüm ki, sən demə, yoldaşımın aldığı maaş bizə bəs edirmiş.

İndi anlayıram ki, heç bir var-dövlət, qızıl-brilyant insanın azadlığından qiymətli deyil. Balalarımdan ayrı qalmaq mənə ən böyük cəzadır. O narkotiki bizdən alanlar da bir ananın övladlarıdır, onlar da bizim sayəmizdə məhv olurlar. Heç istəməzdim belə olsun.

Qardaşımın dostu var idi, iranlı. Dedi ki, bir çanta var, onu götür, apar, təhvil ver, oradan sənə də xeyir qalacaq. Əvvəl qorxdum, dedim tanımadığım adama necə yaxınlaşacağam, mənə dedilər ki, narahat olma, sən yaxınlaş, onlar səni tanıyacaqlar. Mən də malı götürdüm, aparıb təhvil verəndə yaxalandım. Sən demə, təhvil verdiyim adamlar polis əməkdaşları imiş.

O gündən indiyədək özümü bədbəxt sanıram. Heç bilmirəm, bu ad necə təmizlənəcək? Razıyam ki, Allah mənim ömrümdən alsın, amma cəzamı azaltsın. Çox tələsirəm, evimə, ailəmə qovuşmaq üçün tələsirəm.

Qadına “baron”, “barıqa”, “narkoman” kimi sözlər yaraşmır. Uzun müddət narkotik istifadə etməyəndə aludəçilər vəhşi heyvana dönürlər. Nə böyük, nə kiçik başa düşürlər. Çünki həmin vaxt “lomka”da olurlar. Bunun hamısının səbəbkarı bizlərik. Heç özümə, qadınlarımıza türməyə düşməyi yaraşdırmıram”.