2018-ci il iyunun 22-si gecə saat 2 radələrində Xəzər rayonunun Qala qəsəbəsindən, yaşadıqları evdən yanıq xəsarətləri ilə Toksikologiya Mərkəzinə 59 yaşlı Nina Soloveykina, Respublika Yanıq Mərkəzinə isə onun oğlu 16 yaşlı Vadim Soloveykin çatdırılıblar. Göstərilən tibbi yardımlara baxmayaraq vəziyyəti ağır olan oğlan 2 gündən sonra orada vəfat edib.
Medianews.az baku.tv-yə istinadən xəbər verir ki, barəsində axtarış elan olunmuş Vitaliy Kolosov sentyabrın 22-də tutulub.
İstintaqla müəyyən edilib ki, 2018-ci il mayın 18-də Vitaliy Kolosov yaşadıqları Qala qəsəbəsində anası Nina Soloveykinanın onu danlamasına görə əsəbiləşib və sonuncunu vurmaq istəyərkən, bacısı Samirə Rzayeva mübahisəyə müdaxilə edib. O, bacısını yerə yıxıb, boşqab, oturacaq və digər əşyalarla başına, habelə bədəninin müxtəlif nahiyələrinə zərbələr vuraraq zərərçəkmişə xəsarətlər yetirib və evdən qaçıb. Daha sonra psixi pozuntusu ilə əlaqədar iyunun 1-də 1 №-li Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib. Kolosov ayın 17-də orda qaçaraq ailə üzvlərindən qisas almağı qərarlaşdırıb. Yaşlı anası, bacısı və yetkinlik yaşına çatmayan qardaşı ilə birlikdə evi yandırmağı planlaşdırıb. Qala-Türkan yolunda yerləşən yanacaqdoldurma məntəqəsindən sintetik qabda 1 litr neft alıb. Ayın 22-si gecə saat 1 radələrində ailə üzvlərinin evdən çıxmaqlarının qarşısını almaq məqsədi ilə giriş qapısına taxtanı dirəyib və yaxınlarını diri-diri yandırmaqdan ötrü yanacağın bir hissəsini çöl tərəfdən töküb alışdırıb. Digər hissəsini isə sintetik qabla birlikdə yandırıb, pəncərədən evin otağına atıb. Ağır yanıq şoku almış Vadim Soloveykin vəfat edib, anasının həyatını xəstəxanada həkimlər xilas ediblər, bacısı isə hadisə vaxtı ümumiyyətlə evdə olmayıb.
İstintaqa ifadəsində Vitaliy Kolosov bildirib ki, anası, bacısı və kiçik qardaşı ilə bir yerdə yaşayıb. 2016-cı ilin yayında yaşadığı evi dağıdıb, yenidən tikmək, həyətdə sanitar qovşağı düzəltmək istəyib, lakin bacısı Samirə buna imkan verməyib və polisə şikayət edib. Onu Respublika Psixiatriya xəstəxanasına yerləşdiriblər. 3 ay xəstəxanada stasionar müalicədə olub, oradan çıxıb. 2018-ci il mayın 18-də həyətdə zibil yandıranda, anası üstünə qışqırmağa başlayıb, buna görə əsəbləşib, qadını yerə yıxıb boğmağa başlayıb. Səs-küyə gələn bacısını da yerə yıxıb, əlinə keçən boşqabı başında sındırıb, ayağa qalxmaq istəyəndə, taxta oturacaqla yenə zərbələr vurub. Samirəni döydükdən sonra evdən qaçıb. Ayın 31-də evlərinə qayıdanda polis əməkdaşları gəlib, onu Psixiatriya xəstəxanasına aparıblar. İyunun 17-si səhər saatlarında xəstəxanadan qaçıb. 2 gündən sonra evə gələndə anasından çöl qapısını açmağı xahiş edib, xəstəxanadan buraxıldığını və barışmaq istədiyini deyib, lakin anası qapını açmayıb. Bacısını onunla yola getmədiyinə, anası da onu xəstəxanadan çıxartmadığına və heç vaxt qayğısına qalmadığına görə öldürmək qərarına gəlib. Cinayətin baş verdiyi gün əvvəl içəridən kiminsə çıxa bilməməsi üçün giriş qapısına çöl tərəfdən taxta parçasını söykəyib. Yanacaq töküb, qapının qarşısını və pəncərəni alovlandırıb. Anasının səsini eşidib, otağın tam alışdığını gördükdən sonra oradan qaçıb. Tutulandan sonra Samirənin hadisə vaxtı evdə olmadığını, anasının xəsarət aldığını, qardaşı Vadimin öldüyünü bilib.
Zərərçəkmiş Nina Soloveykina ifadəsində göstərib ki, iyunun 21-də oğlu Vadim televizora baxdıqdan sonra yatmağa gedib. Özü də yatmağa hazırlaşanda əvvəl səs-küy eşidib, sonra qonaq otağının pəncərəsindən içəri yanan əşyalar atıldığını və otağın yanmağa başladığını görüb. Qaranlıq olduğundan üzünü dəqiq görməsə də, «yanıb, ölmələri” haqda səsini eşidib. Alovu su ilə söndürməyə çalışıb, ancaq yanğın artmağa başlayıb. Vadimə 102 xidmətinə zəng vurmağını tapşırıb. Evdən çıxa bilmədiyinə görə tüstüdən boğulub huşunu itirib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vitaliy Kolosov cəzasını ciddi rejimli CÇM-də çəkməklə 18 il müddətinə azadlıqdan məhrum olunub.