Koronavirusun yayılmasında artım dinamikasının təhlili göstərir ki, insanlar əsasən iş yerlərində, ailədaxili, ictimai nəqliyyatda, kütləvi yerlərdə virusa yoluxurlar.

Medianews.az xəbər verir ki, bunu Trend-ə Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib.

Onun sözlərinə görə, hazırda tətbiq edilmiş ciddi karantin rejimi nəticəsində şəhər üzrə mobilliyin və ictimai nəqliyyatdən istifadənin nisbətən aşağı düşməsi müşahidə edilir. Əhalinin daha çox evdə qalması, kütləvi toplantıların, gəzintilərin olmaması, insanlar arasında yaxın təmasların kəskin azalması nəticəsində növbəti günlərdə vəziyyətin nisbətən yaxşılaşması və müsbət dinamikanın əldə olunması gözlənilir.

İndiki zamanda isə ölkədə COVİD-19-a yoluxanların sayı çoxdur və məhz bu amil müalicə ilə bağlı yeni protokolun tətbiqini zəruri etdi.

Dünya ölkələrinin tam əksəriyyətində asimptomatik xəstələrin ev şəraitində müalicəsi təcrübəsi tətbiq olunduğunu xatırladan baş infeksionist əlavə edib ki, ölkəmizdə də asimptomatik, yüngül və orta səviyyədə olan xəstələr həkim nəzarəti altında evdə müalicə olunmalıdırlar. Bu yanaşma ağır vəziyyətdə olan xəstələrə keyfiyyətli xidmət göstərmək, onların həyatını xilas etmək imkanlarını artırır.

C.İsayev qeyd edib ki, bəzi xəstələrin subyektiv səbəblərdən gözlədikləri xidməti ala bilməməsinə dair faktlar ola bilər. Amma belə faktları bütün ölkənin səhiyyəsinə şamil etmək olmaz:

“Nəzərə alınmalıdır ki, hər bir ölkənin səhiyyəsi pandemiyanın pik nöqtəsi və ya yoluxma hallarının kəskin artığı dövrdə yüksək səviyyəli xidmət təşkil etməkdə çətinlik çəkir. İstənilən ölkədə ixtisaslı kadrların çatışmazlığı var. Bununla yanaşı, həkimlər aylarla xəstəxanalardan çıxmırlar, ailələrinin üzünü görmürlər, öz həyatlarını riskə atıb gecə-gündüz xəstəliklə mübarizə aparırlar. Məhz onların fədakarlığının nəticəsidir ki, bu gün minlərlə insan müalicə olunaraq sağalıblar, dəhşətli bəladan qurtulub öz ailələrinə qovuşublar. Bəzi xəstələrin subyektiv səbəblərdən gözlədikləri xidməti ala bilməməsinə dair faktlar ola bilər, lakin belə halları ümumiləşdirmək və bütün tibbi xidmətə şamil etmək əsassız və yolverilməzdir”.