“Fikrimcə, dünya çempionatının dekabrda keçirilməsi realdır. Olimpiada olan ildə bu yarış keçirilmir. Olimpiya Oyunları gələn ilə təxirə salındığı üçün gələn il keçirilməli olan dünya çempionatının bu ilin dekabrında baş tutması məntiqəuyğundur. Bu, hazırlıq prosesində güləşçilərin motivasiyasını da artıracaq.

Artıq Serbiya DÇ üçün namizədliyini irəli sürüb. Daha 5-6 ölkə bu yarışı keçirmək istəyir. Büronun iclasında pandemiya şəraitində yarışlarla bağlı A, B və C variantları irəli sürüldü. Artıq bəzi idman növlərində turnirlər bərpa olunub. Fikrimcə, sentyabrdan güləşdə də yarışlara start veriləcək”.

Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Güləş Federasiyasının prezident əvəzi Namiq Əliyev deyib.

Dünən Ümumdünya Güləş Birliyinin (UWW) onlayn iclasında Büro üzvü kimi iştirak edən Namiq Əliyev federasiyanın saytına verdiyi geniş müsahibəsində bəzi maraqlı məqamlara toxunub. O, yunan-Roma güləşinin 2022-ci ildə Seneqalın paytaxtı Dakarda keçiriləcək yeniyetmələrin Olimpiadasının proqramından çıxarılmasından danışıb:

“Yunan-Roma güləşin ən qədim növü hesab olunur. Bunu adından da görürük. Sadəcə, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) özünün prinsipləri var ki, onlardan da biri idmanın baxımlı olmasıdır. Bu yanaşma doğrudur. Bütün idman növləri hərtərəfli təhlil olunur. Son zamanlar güləşin bu növündə baxımlılıq, izləyici kütləsi azalıb. Baxmayaraq ki, UWW müəyyən qaydalarda dəyişikliklər etməklə baxımlılığı artırmağa çalışır. Yeniyetmələrin Olimpiadasına çimərlik güləşi daxil edilib.

Artıq bir neçə ildir ki, güləşin bu növü üzrə yarışlarda təmsil olunuruq, çempionlarımız var. Ötən il ilk dəfə keçirilən Dünya Çimərlik Oyunlarında iki medal qazandıq, Oyan Nəzəriani dünya çempionu oldu. Bu sahədə fəaliyyətimizi daha da gücləndirəcəyik. UWW-nin İcraiyyə Komitəsinin iclasında gedən müzakirələrə əsasən deyə bilərəm ki, böyük ehtimalla, yunan-Roma güləşi 2024-cü ildə keçiriləcək Olimpiadanın proqramında yer almayacaq”.

O, Olimpiadanın gələn il keçirilməsi barədə də fikirlərini bildirib:

“Dünənki iclasda da UWW-nin prezidenti Nenad Laloviç bu fikrə neqativ münasibətini ortaya qoydu. Məsələ burasındadır ki, Tokioda mer seçkiləri keçiriləcək. Namizədlərdən biri platformasında qeyd edib ki, seçkilərdən qalib çıxsa, Olimpiadanın Tokioda keçirilməməsinə çalışacaq. Bu, daha çox siyasi bəyanatdır. Olimpiya Oyunları sıradan yarış deyil ki, onu ləğv edib-etməmək hansısa merin qərarından asılı olsun. Hesab edirəm ki, bununla bağlı problem olmayacaq.

Gələn il Olimpiada baş tutacaq. Əks halda, Yaponiya idman aləmində etibarını itirəcək. O zaman gələcəkdə Yaponiya Olimpiadanın təşkilatçılığıyla bağlı namizədliyini irəli sürsə, hansısa ölkənin onların lehinə səs verəcəyini düşünmürəm. Bilirsiniz ki, BOK bəyan edib ki, Olimpiya Oyunları gələn il də baş tutmasa, ləğv olunacaq və 2024-cü ildə Parisdə keçiriləcək. Çünki bütün federasiyaların çoxlu sayda yarışları var. Bu prosesin uzadılması bütün idman növlərində xaos yarada bilər”.

N.Əliyev bildirib ki, Olimpiadanın gələn ilə təxirə salınması ümumilikdə bəzi güləşçilərimizin xeyrinə olub:

“Bu suala birmənalı cavab vermək çətindir. Bilirsiniz ki, son vaxtlar yığmalarımızda gəncləşdirmə siyasəti həyata keçiririk. Bəzi zədəli güləşçilərimiz gələn ilə kimi tam bərpa olunmaq şansı əldə edib. Sərbəst güləşdə 74 və 86 kq-da bununla bağlı problemlər var idi ki, Olimpiadanın gələn ilə təxirə salınması həmin problemləri aradan qaldırmağa imkan verdi. Ancaq məsələnin digər tərəfinə də baxmaq lazımdır.

Olimpiadanın zirvəsində gördüyümüz Mariya Stadnikin yaşı artıq 30-u keçib. Olimpiya çempionu olacağına inandığımız Şərif Şərifov da yaş problemiylə üzləşir. Düzdür, Mariya o səviyyədə idmançıdır ki, onu kiminləsə əvəzləmək çətindir. Ancaq Şərifin çəkisində gənc və perspektivli, onu əvəzləyə biləcək idmançılar var. Müsbət və mənfi məqamları tərəzinin gözünə qoyanda bu təxirəsalmanın bizim lehimizə olduğunu söyləyə bilərəm”.

Namiq Əliyevin sözlərinə görə, artıq yunan-Roma güləşində də qadın idmançılar yetişdiriləcək:

“Bilirsiniz ki, qadın güləşi son 15 ildə yaranıb. Yaponlar bundan çox məharətlə istifadə etdilər və bu gün qadın güləşində dominantlıq edirlər. Yeri gəlmişkən, dünənki iclasda qeyd olundu ki, qadınlar arasında yunan-Roma güləşinin inkişaf etdirilib, Olimpiadanın proqramına salınması məsələsi gündəmdədir. Bu da BOK-un gender bərabərliyi prinsiplərinə uyğundur. Bilirsiniz ki, hər idmançını yetişdirmək üçün vaxt lazımdır. Üç-beş ilə heç kim dünya səviyyəli idmançı olmur. Bunun üçün uzun müddət lazımdır. Vaxtilə bizdə mentalitet məsələsinə görə, qadın güləşinə axın yox idi. Artıq belə problem yoxdur.

İndi valideynlər uşaqların əllərindən tutub, güləşə gətirirlər. Zalımızda çoxlu yeniyetmə və gənc qızlar güləşlə məşğul olur. Nəticələr də gündən-günə yüksəlir. Qadın güləşinin hazırkı səviyyəsi bizi qane edir. Yeniyetmələrin Olimpiadasının proqramına qadınlar arasında çimərlik güləşi də salınıb. Bu gün artıq bu sahə üzrə də fəaliyyətə başladıq ki, iki ildən sonra Dakardakı yarışda qadın çimərlik güləşçilərimiz olsun”.