İspaniya milli komandasının sabiq yarımmüdafiəçisi, “Valensiya” və “Barselona” kimi klubların formasını geyinmiş Qaiska Mendieta “Qalatasaray” klubunun ev oyunlarını keçirdiyi “Ali Sami Yen” stadionundakı oyunlar haqqında maraqlı fikirlər səsləndirib.

“HaberGlobal” xəbər verir ki, veteran futbolçu 2002-ci ildə “Barselona”nın heyətində İstanbulda “Qalatasaray”a qarşı keçirdiyi oyunu yada salıb.

Q.Mendieta bildirib ki, oyundan iki cavabsız qolla qalib ayrılsalar da, “Ali Sami Yen”də azarkeşlərin yaratdığı atmosfer qorxulu idi:

“Etiraf edim ki, belə ab-havada oynamaqdan zövq alırdım. Futbolçu bu cür məqamları motivasiyaya çevirməlidir. Fanatlar sənin gözünü nə qədər çox qorxudursa, bir o qədər çox ruhlanmalısan”.

Qeyd edək ki, “Valensiya”, “Barselona”, “Latsio” kimi klublarda top qovmuş keçmiş ispaniyalı futbolçu karyerasını başa vurduqdan sonra DJ işləyir.