Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən həbs edilən Dövlət Sosial Müdafiə Fondunun Kəpəz rayon Şöbəsinin əməkdaşlarının həbsinin təfərrüatları məlum olub.

BAKU.WS-in bölgə müxbirinin əldə etdiyi məlumata görə, DSMF-nin Kəpəz rayon Şöbəsinin rəis müavini Bəyalı Xəlilov Bakı şəhərində saxlanılıb.

Digər bir şəxs Elçin Ələkbərov isə Gəncə şəhərində tutulub. Həmin şəxslər müxtəlif illərdə vətəndaşlara qanunsuz yolla saxta ünvanlı sosial yardım düzəltməkdə ittiham edilir.

Məlumat üçün bildirək ki, Bəyalı Xəlilov daha öncə DSMF-nin Nizami rayon Şöbəsində rəis müavini vəzifəsində çalışıb. Daha sonra isə qeyd olunan vəzifəni DSMF-nin Kəpəz rayon Şöbəsində icra edib.

Saxlanılan Elçin Ələkbərov isə DSMF-nin Fərdi Uçot Şöbəsinin rəisi olub. Onu bu vəzifədən azad edərək Nizami rayon DSMF-də məsləhətçi təyin ediblər.

Bir müddət məsləhətçi kimi çalışan Elçin Ələkbərov sonradan tamamilə işdən uzaqlaşdırılıb və təxminən 2 ildir, DSMF-nin sıralarından xaric edilib.

Saxlanılan şəxslər saxta ünvanlı sosial yardımla yanaşı, sosial tibbi ekspertiza komissiyasının saxta sənədlərini də hazırlayıblar.

Hazırda faktlar üzrə araşdırmalar davam etdirilir.