Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Səhiyyə Nazirliyinin aparat rəhbəri vəzifəsində çalışan həmyerlimiz Saada Süleyman COVID-19 xəstələrinin müalicəsində göstərdiyi fədakarlığa görə Əbu-Dabi Əmirliyinin vəliəhdi, Birləşmiş Ərəb Əmirlikləri Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Şeyx Məhəmməd bin Zayed Al Nəhyan tərəfindən təşəkkür məktubu və fəxri mükafatla təltif olunub.

AZƏRTAC xəbər verir ki, məktubda həmyerlimizin insanların həyatının xilasında xidmətlərinin tarixdə qalacağı və heç bir vaxt unudulmayacağı qeyd olunub.

Bakı şəhərində anadan olan Saada Süleyman kiçik yaşlarından valideynləri ilə bərabər, BƏƏ-yə köçüb, burada universitetin tibb fakültəsini bitirib. O, Dubay Beynəlxalq Aeroportunda və Əbu-Dabi Əhalinin Sosial Müdafiəsi Nazirliyində çalışıb. Həmyerlimiz BƏƏ Prezidentinin anası Şeyxə Fatma bint Mübarəkin təsis etdiyi “əl-mar-a imaratiyə” – “BƏƏ qadını” fəxri adına, eləcə də BƏƏ Prezidenti Şeyx Xəlifə bin Zayed Əl-Nəhyanın əmri ilə “İlin ən fəal ictimai qadını” tituluna layiq görülüb.