“1996-cı ildə atam vəfat edəndə elə bir vəziyyət yaranmışdı ki, arxasıyca heç bir şey qoyub getməmişdi. Bir tək mənim üçün qoyduğu sənət idi… Bu sənət isə məni göylərə qaldırdı”.
Oxu.Az xəbər verir ki, bu sözləri ötən il Azərbaycan Milli Konservatoriyasının estrada sənəti fakültəsinə qəbul olan məşhur klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu “ATV Maqazin 10larla” proqramına verdiyi müsahibəsində deyib.
Keçmişini kamera önündə açıb ortaya tökən 36 yaşlı sənətçi tez-tez depressiyaya düşdüyünü bildirib:
“Taxta parçası məni haralara gətirib çıxartdı. Nə bilərdim ki, bir neçə ildən sonra hansısa kanalda kamera önündə müsahibə verəcəyəm. Adi bir Hüseyn idim. Küçədə atılıb-düşən, kasıblıqla böyüyən bir uşaq.
Həyatda elə şeylər var ki, mənə çox toxunur və ürəyim partlayır. Həddən artıq çox əziyyət çəkirəm, depressiyaya düşürəm, özümə qapanıram”.
Qeyd edək ki, H.Məhəmmədoğlu evlidir. Onun iki qız övladı var.