“Oğlumla ayrılandan sonra Muradın (oğlu – red.) atası evləndi. Oğlum analığı ilə yaşamağa razılaşmayıb. Onlar heç iki ay birlikdə qalmayıblar. Düşünürəm ki, oğlumun belə addım atmasına səbəb atasının onun mənimlə birlikdə yaşamasına qarşı çıxması olub. Murad atasına sərbəst həyat yaşamağa imkan verməyib. Bəlkə də oğlum mənim heyifimi atasından çıxıb.

İki övladım var. Kiçik oğluma böyüyümün adına uyğun Marat adını vermişəm. Beləcə, böyük oğluma sevgimi bildirmişəm. Bacım yanımdadır, mənə dəstəkdir. Amma qardaşım bu problemlərdən uzaq olmaq üçün kənara çəkilib. Baş qoşmaq istəməyib. O, müğənni olmağıma qarşı çıxdı və məndən kənarlaşdı. Buna rəğmən, onun xətrini dünyalar qədər istəyirəm.

Böyük oğlum mənimlə görüşmək üçün çox ağlayıb, depressiyaya düşüb. Dayım qızının evinə gedib, saatlarla qapılarını döyüb, oğlumu istəmişəm. Onlar isə qapı-pəncərəni bərk-bərk bağlayıb, musiqinin səsini ucaldıblar ki, Murad səsimi eşitməsin. Əlimə daş alıb şüşəni qırsaydım, ailənin əlinə fürsət düşəcək və məni polisə verəcəkdilər. Qollarımı kəsib, intihar etmək istəmişəm”.

Oxu.Az xəbər verir ki, bu sözləri dəhşətli həyat hekayəsi ilə tamaşaçıları heyrətləndirən, şou-biznesdə Dana ləqəbi ilə tanınan müğənni Dürdanə ötən gün ATV telekanalında yayımlanan “Bizimləsən” sosial-ictimai proqramında qonaq olarkən deyib.

Sənətçi oğlu Muradla 17 ildir ki, görüşə bilmədiyini açıqlayıb. Dürdanə bildirib ki, oğlunu uşaqlıq yaşlarından böyüdən dayısı qızının ailəsi Muradla görüşməsinə icazə vermir.

Qalmaqallı ailə problemini ictimailəşdirən müğənninin Elmira adlı dayısı qızı canlı efirə zəng vuraraq, Dürdanənin danışdıqlarını yalanlayıb:

“Dürdanə yalan danışır və çox məsələləri gizlədir. O, özü Muradı atıb. Biz vicdansız ailə deyilik. Dürdanə bizə şər, böhtan atır. Dağıstanda içkiyə qurşanmışdı. Onun necə qadın olduğunu hamı bilir. Muradın xətrinə illərlə susmuşam. Əlimdə sübut və dəlillər var. İstəyirsə, məhkəmədə görüşək. Bu iş məhkəməyə verilsin və məsələ bitsin.

Sənin uşağını boya-başa çatdırıb, yekə kişi ediblər. İndi çıxıb, yalandan ağzına gələni danışırsan. O, qardaşımın nömrəsini bilir. Ona zəng vurub, “ASAN Xidmət”də görüşüb, Muradın sənədlərini düzəldiblər. Sonra da eşitdik ki, Dürdanə kanallara çıxıb bizi biabır edir”.