Xalq artisti Mələkxanım Əyyubova rəssam qızı Nəzrin Nəcəfova ilə birgə ATV telekanalında yayımlanan “Zaurla Günaydın” səhər şousunda qonaq olarkən, ailəsi barədə verdiyi maraqlı açıqlamaları ilə diqqəti cəlb edib.

Oxu.Az xəbər verir ki, proqramda Xalq artisti bir neçə ay öncə nişanlanan qızının istedadından söz açıb.

M.Əyyubova bildirib ki, qızı indiyə kimi ailə üzvlərindən yalnız onun portretlərini çəkib.

Proqramın aparıcısı Zaur Baxşəliyevin “Bəs atanın və nişanlının şəkilini çəkmisən?” sualına Nəzrin “Xeyr” cavabını verib. O, gələcəkdə geyim butiki açacağını söyləyib:

“Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini “Modelyer dizayner” ixtisası üzrə bitirmişəm. Rəssamlıqla yanaşı, bu sahəyə də böyük marağım var. Yaxın gələcəkdə Bakıda öz sərgimi keçirmək istəyirəm. Gələcəkdə geyim butiki açmaq planım da var”.

Z.Baxşəliyevin Nəzrinə ünvanladığı “Ailə həyatı qurandan sonra yoldaşın bu sahədə çalışmağına icazə verməsə, nə edəcəksən?” sualına Xalq artistinin qızı belə reaksiya verib:

“Rəssamlığı ailə qurandan sonra da davam etdirəcəyəm. Nişanlım Təbriz dizaynerdir, o da incəsənət sahəsində çalışır. Bu işdə məni dəstəkləyir”.

Proqramın gedişatında M.Əyyubovanın söylədiyi “Kürəkənim İmişlidəndir” sözlərini qızı N.Nəcəfova belə davam etdirib:

“Nişanlımla ailəvi dost idik. Bir-birimizi uzaqdan tanıyırdıq. Öz istəyimizlə nişanlanmışıq”.

Qeyd edək ki, Xalq artisti M.Əyyubovanın dörd övladı var. Qızı Nəzrin Nəcəfova peşəkar rəssamdır. Onun əl işləri bir çox ölkələrdə sərgilənib. Nəzrinin nişanlısı Təbriz isə dizaynerdir.