Minneapolisin qaradərili sakini Corc Floydun ölümündən sonra başlayan etiraz aksiyalarında amerikalı jurnalist Keytlin Ras polis tərəfindən atəşə tutulub.

“WAVE 3 News”un məlumatına görə, hücum canlı yayım zamanı baş verib.

Kadrlarda gənc müxbirin qəfil qışqırığı eşidilir: “Məni vurdular!”

Studiyadakı jurnalist nə baş verdiyini soruşduqda isə K.Ras “Rezin güllələrdir, hər şey qaydasındadır. Bu həmin “bibər topları”dır” deyib.

Etiraz aksiyalarının gedişində daha yeddi mülki vətəndaş müxtəlif dərəcəli xəsarətlər alıb, iki polis əməkdaşı isə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, Minneapolis şəhərində polis qaradərili vətəndaş Corc Floydu saxlayarkən amansız hərəkətlərə yol verib. Həbs zamanı ağır çəkili polis əməkdaşı dizi ilə yerə yıxılmış C.Floydun boyun nahiyəsinə təzyiq edib.

C.Floyd nəfəs ala bilmədiyini desə də, asayiş keşikçisi buna əhəmiyyət verməyib. Nəticədə, afroamerikalı boğularaq ölüb. Bundan dərhal sonra hadisənin baş verdiyi şəhərdə etiraz aksiyaları başlayıb.

Etiraz aksiyalarına ABŞ-ın bir çox digər şəhərlərinin sakinləri də qoşulub. İğtişaşlar nəticəsində aptek, supermarket, geyim mağazaları, bərbərxanalar, yanacaqdoldurma məntəqələri, avtomobil təmiri sexləri, restoranlar daha çox zərər görüb.