“Azərbaycan İdmançıları” İctimai Birliyinin sənədləşmə işi artıq başa çatıb”.

Bunu Oxu.Az-a “Azərbaycan İdmançıları” İctimai Birliyinin baş katibi Fərhad Acalov deyib.

O, bu qurumun son durumundan danışıb:

“Olimpiya çempionlarımızla Azərbaycanın bölgələrinə səfərimiz, “Olimpiya Odisseyası” layihəsi elə bu qurumun fəaliyyətinin bir hissəsi idi. Məsələn, Zemfira Meftahətdinovanı Sumqayıta, Nazim Hüseynovu Saatlıya, Elnur Məmmədlini Cəlilabada aparıb orada gənclərlə görüşdürdük, onlara aid Arzu Qulamovanın çəkdiyi sənədli filmi nümayiş etdirdik.

Məqsəd regionlarda gənclərin idmana marağını artırmaq, onlarda olimpiya çempionlarımızın keçdiyi yolu davam etdirmək həvəsi formalaşdırmaq idi”.

2000-ci ildə boks üzrə yeniyetmələrdən ibarət dünya çempionumuz, Peşəkar Boks Federasiyasının I vitse-prezidenti digər məsələlərə də toxunub:

“Mən özüm də 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin direktoru kimi çalışıram ki, yarışları regionlarımıza salaq.

Məsələn, yaxın vaxtlarda boks yarışını cənub zonamıza salmışdım. Çünki orada narkomaniyaya meyil çoxdur. Belə tədbirlər keçirməklə regionlarda 5-10 nəfər də olsa, gənclərin idmana maraq göstərməsinə nail oluruq.

“Azərbaycan İdmançıları” İctimai Birliyinə xaricdə yaşayan idmançılarımız da daxil ola bilər. Bu məsələni qaldırmışıq. Aktiv fəaliyyətə koronavirus pandemiyasına görə ara vermişik. Amma quruma ofis kirayələmək kimi planlarımız var”.

Qeyd edək ki, ötən il yaradılmış “Azərbaycan İdmançıları” İctimai Birliyinin prezidenti karateçi Rafael Ağayev və vitse-prezidenti sərbəst güləşçi Hacı Əliyevdir.