“Sentyabrda dərslərin necə keçiriləcəyi də qeyri-müəyyəndir”
Koronavirus pandemiyasından ən çox ziyan çəkən qruplardan biri də xaricdə təhsil alan gənclər oldu. Demək olar ki, dünyanın bütün böyük şəhərlərində karantin rejimi elan olundu və universitetlərdə dərslər dayandırıldı.
Tələbələr vətənə döndülər, bəziləri müəyyən müddət karantin rejimində saxlanıldı və dərs ilinin sonuncu smestri onlar üçün heç də arzuolunan qaydada bitmədi.
Dərslər və imtahanlara onlayn qaydada davam edən gənclərdən bir neçəsi ilə danışıb, onların hazırki durumunu və növbəti dərs ili ilə bağlı planlarını öyrənməyə çalışdıq.
Çexiyanın Praqa şəhərində, Anglo-Amerikan Universitetinin “Media və əlaqələr” fakültəsinin tələbəsi Ayan Abbaslı “Yeni Müsavat”a danışarkən bildirdi ki, hazırda Bakıda olsa da, dərslər onlayn şəkildə əvvəlki qaydada davam edir: “Sanki hər gün universitetə gedirmişəm kimi, normal qaydada dərslər keçirilir, tapşırıqlar verilir. Onlayn olmasına baxmayaraq qəti şəkildə heç bir tələbə geri qalmır. Sadəcə, indi müəllimlər bu ciddi vəziyyəti nəzərə alaraq daha anlayışlı davranırlar. Bəzi tələbələrə psixoloji olaraq da təsir etdiyi üçün universitetə, dərslərə çox da diqqət göstərə bilmirlər və müəllimlər onlara şans tanıyır. Mənim üçün onlayn dərslərin heç bir mənfi cəhəti yoxdur. Ola bilər universitetə getmirik, müəllimləri görmürük, amma bu o demək deyil ki, çətinliyimiz olduqda kömək də ala bilmirik. Həm müəllimlər, həm də dekan tələbələrin maillərinə dərhal geri dönürlər, nəyisə başa salmaq lazımdırsa, həvəsli şəkildə kömək etməyə çalışırlar ki, belə bir situasiyada dərslərimizdən geridə qalmayaq. İmtahanlar da bilindiyi kimi, onlayn keçirilir və müəllimlər özləri də deyirlər ki, kitabdan istifadə edə və internetdə axtarış edə bilərsiniz, sadəcə, müəllimin özündən başqa tələbələrdən kömək almaq olmaz. Və universitet çox qısa bir zamanda onlayn təhsili qaydaya sala bildiyi üçün mən təhsilimdən çox məmnunam. Düşünürəm ki, ölkələrdə karantin rejimi aradan qaldırılsa və universitetlər açılsa, bizim də artıq sentyabr ayında geri qayıtmağımız problem olmayacaq”.
Kanadanın Toronto şəhərində yerləşən York Universitetinin “Film İstehsalı” fakültəsinin 3-cü kurs tələbəsi Ərhun Abbaslı da “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, sentyabrda dərslərin hansı qaydada keçiriləcəyi qeyri-müəyyəndir: “Kanadadakı dərslərim aprelin 1-də bitdi. Bakıya gələndə martda karantində 3-4 dərsimdən ”Zoom” proqramı ilə onlayn dərsə qatıldım. İmtahanları ləğv etdilər və çoxunu ümumi ortalama qiymətlərə uyğun yazdılar. Bizdə artıq yay məktəbi başlayır, mən isə yay dərsləri götürmədim. Onlayn olaraq “Zoom” proqramı ilə dərsləri keçirlər. Növbəti il dərslər 1 sentyabrdan başlayır. Bizə email gəldi ki, ilk smestrdə də dərslər onlayn ola bilər. Onlayn olsa belə dərslər davam edəcək, amma açığı, böyük bir qeyri-müəyyənlik var. Heç kim bilmir ki, nə qərar çıxacaq. Mənim bölümüm praktika üzərinə qurulub, ona görə inanmıram ki, ilk smestr bizə onlayn dərs keçə bilsinlər”.
Varşava şəhərində yerləşən Varşava Universitetinin “Beynəlxalq əlaqələr fakültəsi”nin tələbəsi Kamilə Süleymanlı da “Yeni Müsavat”a pandemiya ilə bağlı tələbələrin yaşadığı problemlərdən danışdı: “Pandemiya ilə bağlı mart ayının 10-dan aprelin 14-nə kimi təhsil aldığım Varşava Universitetində dərslərin dayandırılması barədə qərar verildi. Bu barədə hər bir tələbənin elektron ünvanına məktub göndərildi. Dərhal ailəmlə əlaqə saxlayıb məlumat verdim. Məsləhət oldu ki, səhəri günə bilet alıb Bakıya dönüm. Bəxtimdən bilet də tapıldı və birlikdə qaldığım rəfiqəmlə Bakıya döndük. Həmin günlər gələnləri hələ ki karantinə almırdılar. Sonra aprelin 14-nə az qalmış karantin müddətini mayın 31-nə kimi uzatdılar. Universitet tərəfindən, dərslərin ləğv olunma qərarından bir neçə gün sonra yeni sistem tətbiq olundu və dərslər onlayn şəkildə davam etdirilməyə başladı. Hazırda imtahan sessiyası da onlayn qaydada davam edir. Uzaqdan təhsilin daha az vaxt alması və ev şəraitində rahat keçməsi kimi bəzi üstünlükləri olsa da, dərslərin sinif şəraitində keçirilməsinin, tələbələr üçün daha effektiv olduğunu düşünürəm. Dərslərin əvvəlki rejiminə nə zaman qayıdacağı barədə bizə hələ dəqiq məlumat verilməyib. Hər şey gedişatdan asılıdır. Dərslər yenidən başlasa belə, mənim kimi öz vətəninə qayıdan tələbələrin yaxın müddətdə təhsil aldıqları ölkəyə gedə bilməsi mümkün görünmür. Böyük ehtimalla bu semestr bitənə kimi dərslər yalnız onlayn şəkildə keçiriləcək”.
İstanbulun Nişantaşı Universitetinin tələbəsi Humay Süleymanlı da dərslərə onlayn şəkildə davam etdiklərini bildirdi: “Bu il universitətlər açılmayacaq, ona görə də onlayn qaydada imtahanları verib kursu bitirəcəyik. Türkiyəyə bir də sentyabr ayında qayıdacağam. Distant təhsil imkanlarının effekti aşağı olur, amma hər halda, dərsdən kənarda qalmamışıq. Hər ötən həftə rektorluq onlayn dərslərin daha effektiv olması üçün qərarlar qəbul edir. Onlayn dərslərə mütləq şəkildə qatılmalıyıq”.
Praqa şəhərində yerləşən Çarles Universitetinin “İqtisadiyyat və maliyyə” fakültəsinin 3-cü kurs tələbəsi Ayxan Abbaslı da dərslərə onlayn qaydada davam etdiklərini qeyd etdi: “Mən Praqadakı təhsilimi pandemiya ilə əlaqədar yarımçıq qoyub gələndə martın əvvəli idi və smestr yenicə başlamışdı. Hələ rəsmi olaraq, təhsil müəssisələrinin fəaliyyəti dayandırılmamışdan əvvəl işin gedişatını anlamışdıq və bu qərara hazır idik. Mənim vətənə qayıtmağım da universitetin rəsmi qərarla bağlanmasından dərhal sonra baş tutdu. İlk bir həftə dərs proqramında cədvəldə durğunluq oldu, çünki universitet rəhbərliyi bu periodun planlanmasıyla məşğul olurdu. Həm Çexiyada qalan, həm də pandemiyaya görə öz ölkələrinə qayıdan xarici tələbələri maksimum səmərəli şəkildə lazımi qaydada sillabusla təmin etməyin yollarını götür-qoy edirdilər. Bir neçə gündən sonra isə bizə son qərarı email yoluyla açıqladılar. Hazırda müxtəlif dərsləri ”Zoom”, “Skype” və s. platformalarından mühazirələrlə keçirlər. Ev tapşırıqları da yenə onlayn qaydada biz tələbələr tərəfindən təqdim olunur, müəllimlərimiz tərəfindən də yoxlanılır. İmtahanlar isə normaldakından fərqli olaraq “open book” şəklində onlayn keçiriləcək. Onlayn, evdən təhsil hər nə qədər qulağa xoş gəlsə də, bunun da mənfi tərəfləri var. Məsələn, əvvəlki mühazirə, auditoriya atmosferindən uzaq olmaq, dərsi həmin an professorun ağzından eşidə bilməmək, mühazirə otağında əvvəlki qaydada tələbələr və müəllimlər arasında fikir mübadiləsinin və müzakirələrin olmaması mənim üçün mənfiliklərin başında gəlir. Sonda isə dünyanın bu qəliz günlərində bütün tələbələrə dərslərində və imtahanlarında uğur arzu edirəm. Ümidvaram ki, bütün bu hadisələr biz gənclərə gələcəkdə yaxşı bir təcrübə kimi müsbət formada qayıdacaq”.