Səudiyyə Ərəbistanının vəliəhdi şahzadə Məhəmməd ibn Salmanın İngiltərədə futbol klubunu satın alması və onun ətrafında baş verən qalmqallar səngimir. Bu dəfə İngiltərə futbol camiəsinə çağırış edənlərdən biri də qətlə yetirilən jurnalist Camal Qaşıqçının nişanlısı Xədicə Cengiz olub.
Xatırladaq ki, şahzadə Salman İngiltərənin “Newcastle United” futbol klubunu 300 milyon funta satın alıb. Bundan əvvəl şahzadə “Manchester United” klubunu almaq istəyirdi, lakin onun 300 milyon funt təklifi rədd edilmişdi.
Bundan sonra şahzadə başqa ingilis klubunu almaq üçün fəaliyyətə keçmişdi. Uzun sürən danışıqlardan sonra sövdələşmə baş tutub və “Newcastle United” futbol klubunun yeni sahibi Səudiyyə Ərəbistanının İctimai İnvestisiya fondu olub.
İngiltərə mediasına danışan Xədicə Cengiz futbol camiəsinə səslənərək bildirib: “İngiltərə hökuməti və “Premyer Liqa” mərhum nişanlımın qətlində günahkar olan Salman kimi birisinin İngiltərə futbol camiəsinə daxil olmasına icazə verməməlidir. Bu cür sövdələşmə həm İngiltərə Krallığının, həm də “Premyer Liqa”nın etibarına böyük bir zərbədir.
BMT, bir çox ölkə və beynəlxalq təşkilatlar, mərhum nişanlım Camal Qaşıkçının öldürülməsində Salmanın məsuliyyət daşıdığını açıqlayıb. Salman bu cür addımlar atmaqla pisləşən imicini düzəltməyə çalışır. Siz buna aldanmayın”.
Qeyd edək ki, vəliəhd şahzadə Salmanın “Newcastle United” futbol klubunu almaq istəyinə qarşı çıxanlardan biri də “Premyer Liqa”nın beynəlxalq yayımçısı olan “beIN SPORTS” olmuşdu.
Qətərda fəaliyyət göstərən “beIN SPORTS” şirkətinin baş direktoru Yousef Al-Obaydli “Newcastle United”in şahzadə Salmanın başçılıq etdiyi Səudiyyə Ərəbistanı Dövlət İnvestisiya Fonduna satılmaması üçün Premyer Liqa rəhbərliyinə və 20 kluba məktub göndərmişdi.
Yousef Al-Obaydli Səudiyyə Ərəbistanının sərmayələrinin qanunsuz olduğunu və bunun “Premyer Liqa” brendinə və yayımlarına xələl gətirəcəyini qeyd etmişdi.
Musavat.com