Prezident İlham Əliyev Vüqar Kərimovun Ekologiya və Təbii Sərvətlər nazirinin müavini təyin edilməsi haqqında sərəncam imzalayıb.
BAKU.WS xəbər verir ki, 47 yaşlı yeni nazir müavini buna qədər ETSN-in Aparat rəhbəri vəzifəsində çalışıb.
V.Kərimovun dosyesini təqdim edirik:
“2 aprel 1973-cü ildə Şəki rayonunun Kiş kəndində anadan olub. 1990-1995-ci illərdə Gəncə Dövlət Universitetinin biologiya-kimya fakültəsini bitirib. 1996-1999-cu illərdə AMEA Botanika İnstitutunun aspiranturasını bitirib. 2001-ci ildə Biologiya elmləri üzrə namizədlik dissertasiyasını müdafiə edib.
2000-2007-ci illərdə AMEA Botanika İnstitutunun kiçik, böyük və aparıcı elmi işçi vəzifəsində çalışıb. 2007-2010-cu illərdə AMEA Botanika İnstitutunda Herbari Laboratoriyasının müdiri işləyib. 2008-2010-cu illərdə ARDNŞ-nin Ekologiya İdarəsi, Yaşıllaşdırma Departamentinin rəis müavini və rəisi vəzifəsində çalışıb.
2010-2012-cu illərdə ARDNŞ-in Ekologiya İdarəsinin rəis müavini işləyib. 2010-2016-ci illərdə AMEA Botanika İnstitutunda “Ali bitkilərin sistematikası” şöbəsinin müdiri vəzifəsində çalışıb. 2011-2014-cü illərdə Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və Bələdiyyə İdarəetməsi fakültəsini bitirib.
2012-2018-ci illərdə ARDNŞ Azərikimya İB-nin icraçı direktorunun Əməyin mühafizəsi və ətraf mühitin qorunması üzrə müavini işləyib. 2018-ci ilin iyun ayında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri təyin olunub.
Botanika və ekologiya sahəsində 25-dən çox elmi məqalənin və 3 kitabın müəllifidir. Yeni nəşr “Azərbaycanın Qırmızı Kitabı” əsərinin həmmüəlliflərindən biridir.
2016-cı ilin sentyabrında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi medalı” ilə təltif edilib.