Qusarda anasını boğaz nahiyəsinə bıçaqla zərbə vurduqdan sonra qaçan şəxs ələ keçib.

Oxu.Az-ın əldə etdiyi məlumata əsasən, hadisə martın 29-u gecə saatlarında rayonun Xurel kəndin qeydə alınıb.

Kənd sakini, 1995-ci il təvəllüdlü Əhmədov Nail Hacıağa oğlu anası, 1971-ci il təvəllüdlü Əhmədova Maisə Aydəbəy qızını qətlə yetirdikdən sonra qaçıb.

Polis əməkdaşlarının apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində N. Əhmədov həmin kənddə yaşayan əmisinin həyətindəki tövlənin damından tapılıb.

İddialara görə, M. Əhmədova ilə oğlu arasında mübahisə pul üstündə düşüb. M.Əhmədova həyətində saxladığı dananı satıb, oğlunun da bundan xəbəri olub. N. Əhmədovun narkotik maddə istifadəçisi olduğu deyilir.

Faktla bağlı araşdırmalar davam edir. Hadisənin dəqiq səbəbi aparılan istintaqın sonunda bəlli olacaq.

Qeyd edək ki, N. Əhmədovun atası Hacıağa Əhmədov bir neçə il əvvəl Dağıstanda faciəli şəkildə ölüb.