“Sizi bilmirəm, vallah mən bu virusu sevdim. Nə gözəl təmizlik, nə gözəl gigiyena, bəh bəh bəh”.
BAKU.WS xəbər verir ki, bu sözlər aktrisa Könül Yusifqızına məxsusdur.
Yusifqızı sosial şəbəkədəki paylaşımında təmizliyə qarşı olduqca həssas olduğunu vurğulayıb və şəxsi gigiyena qaydalarına təkcə koronavirusa görə deyil, hər zaman əməl edilməli olduğunu yazıb:
“Nə gizlədim, mən iylərə qarşı çox həssasam, hətta bəzi ətir iyləri belə məndə başağrı verə bilər. O ki qala adam iyinə. Qarşımdakı insan iy verərsə, bərbad olaram. O kişilər ki əlindəki cıqqılı barmaqda dırnaq uzadır haa, bax elə iyrənirəm. Küçəyə tüpürən görəndə ölüb-dirilirəm. Bir də əl yumaq xəstəliyi var məndə. Əl yumayanlar və yuyanlar diqqətimdən yayınmır. Hələ çimmək… Oy oy, çimmək gündə və ya gündə 2 dəfə. Çimməyənləri də anında hiss edirəm. Dişini yumayanlara nifrət edirəm. Bəlkə də, mənim psixoloji bir xəstəliyim var, bilmirəm. Varsa da, bu xəstəliyimdən məmnunam.
Yəni millət, bu qaydalar var ha, bunlar tək koronavirus üçün keçərli deyil. Canınız, təmizliyiniz, gigiyenanız üçün keçərlidir. Mütləqdir ki, sizi virusla qorxudub məcbur etsinlər? Canınızın qeydinə də dövlət qalmalıdır? Sağlam olmaq üçün üst-üstə yun corab geyinmək lazım deyil, sadəcə təmizlik qaydalarına əməl etmək kifayət edər”.
Aktrisa keşmiş sevgilisindən xoşagəlməz iy gəldiyinə görə ayrıldığını da misal gətirib:
“15 il qabaq məni sevən biri vardı. Simpatik, boylu-buxunlu, yaraşıqlı və inanılmaz dərəcədə imkanlı idi. O qədər sevirdi ki, mağazada mənə ayaqqabı alanda əyilib əli ilə sıxıb-sıxmadığını yoxlayırdı. Küsəndə 1 sutka balkonumun altından çəkilməzdi. Ürəyim nə istərdi, alardı, nə istəsəm, edərdi. Hərdən ağlagəlməz bir şeylər istərdim, onu haralardansa tapıb gətirtdirərdi. Bir amması vardı, adam tər iyi verirdi. Maşınının pəncərələrini açırdım, keçmirdi. Restorana gedirdik, üzbəüz oturanda belə məni iy vururdu.
Özümü heç cür zorlaya bilmədim. Bax, o xərclənən və xərclənəcək pullar, onun istəyi-sevgisi, qayğısı belə qarşımı kəsmədi. Özümü zorlaya bilmədim, alınmadı, bitdi. Və o, mənim yaddaşımda məni sevən biri kimi yox, iy verən biri kimi qaldı.
İnsan üçün iy çox önəmlidir. Məncə, ruhu olan insanlar sevdiklərinin iyini-qoxusunu sevir. Hətta ayrıldıqdan sonra o iyi özləyir, gözləyir, axtarır…”