“Əslində İtaliya karateçiləri Avropa çempionatına gəlmək istəyir. Onlarda ölkədən çıxış yetərincə çətinləşib. Gəlmələri üçün təyyara yoxdur. Ona görə də problemlə üzləşiblər. Çıxa bilməsələr, necə gələ bilərlər? İmkan olsa, gələcəklər”.

Bu fikirləri “Report”a açıqlamasında Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov İtaliya yığmasının Bakıdakı Avropa çempionatından imtina xəbərlərinə münasibət bildirərkən deyib.

Federasiya rəhbəri İtaliya Cüdo, Karate və Döyüş Sənəti Federasiyasının yarışın tərixə salınmasını istəməsinə də münasibət bildirib: “Mən də istəyirəm ki, şəxsi təyyarəm olsun, hər yerə özüm gedə bilim. İstəyirəm ki, qəşəng bağım olsun. Həm də istəyirəm ki, koronavirus xəstəliyi olmasın. Mən də çox şey istəyirəm. Onların istəməyi ilə deyil. Real həyatdakı vəziyyətə baxmaq lazımdır. Bu, tək İtaliyanın istəməyi ilə bağlı olan məsələ deyil. 43 ölkənin Bakıya gələcəyi nəzərdə tutulub. Biz onların gəlişinə hazırlıq görürük. Avropa çempionatına hazırlıq gedir. Təxirə salınacaq, azarkeşsiz keçiriləcək, onu bilmirəm. Hazırkı durumda yarış təxirə salınmayıb”.

Bəşirov bu gün Avropa və Ümumdünya Karate Federasiyasının prezidenti Antonio Espinoza ilə danışacağını da vurğulayıb: “Bir azdan Espinoza mənə zəng vuracaq. Azərbaycana girişlə bağlı onu maraqlandıran məsələlər var. Yəni, Bakıdakı durumla maraqlanacaq. Bilməlidir ki, vəziyyət necədir. Çünki bu, böyük və Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli tədbirdir. Ona cavab verəcəyəm ki, Avropa çempionatına hazırlıq gedir. Təxirə salınmaq barədə bir söhbət yoxdur. Gənclər və İdman naziri Azad Rəhimov mənimlə danışıb. Ola bilsin ki, Avropa çempionatı azarkeşsiz keçirilsin. Bu halda çempionata idmançılar və müəyyən şəxslər buraxılacaq”.

Qeyd edək ki, Avropa çempionatının 25 – 29 martda Milli Gimnastika Arenasında təşkili nəzərdə tutulub.