32 yaşlı Xatirə 16 yaşından narkotikə qurşanıb, 2 dəfə həbsdə yatıb. Bir dəfə narkotik, bir dəfə də oğurluq üstündə. İndi 32 yaşı var və iki uşaq anasıdır. Böyüyünün 11, kiçiyinin 10 yaşı var. O, övladlarına hamilə olarkən və dünyaya gətirən zaman da narkotikdən istifadə edib.
BAKU.WS xəbər verir ki, ATV-nin “Bizimləsən” proqramında Xatirənin taleyi işıqlandırılıb.
Xatirə imana gəlib, hicab bağlayıb tövbə etsə də, qaranlıq keçmişi onu rahat buraxmır. Həbsdə yatdığı üçün işə götürülməyən iki uşaq anası işləyib uşaqlarını saxlamaq istəyir. Bir tərəfdən də vaxtilə narkotik istifadəçisi olması həyatını daha da ağırlaşdırıb.
Atasının üzünü görməyən, kiçik yaşlarından anası tərəfindən uşaq evinə atılan Xatirə oranı 13 yaşında tərk edib. Restoranlarda ofisiant işləyərək xəstə anasını saxlayıb. 16 yaşı olarkən elə orada özündən təxminən 30 yaş böyük əcnəbi vətəndaşla tanış olub.
“16 yaşım tamam olmamışdı. Bir qız vardı, dedi ki, yaxşı şeydir. Restoranda ofisiant işləyirdim. Əvvəlcə nəşə ilə başladım. Yaşıl ot vardı, onu çəkirdim. Sonra yavaş-yavaş artırdım.
“Birinci uşağımın atası xarici vətəndaşdır. BP-də mühəndis işləyirdi. Geyimlərimdən başqa hər həftə mənə 1500-2000 manat xərclik verirdi. O pulların hamısını narkotikə verirdim. Bərabər yaşayırdıq. Mənim 16 yaşım olanda onun 42-45 yaşları vardı. Ər-arvad kimi bərabər yaşayırdıq. Mənimlə rəsmi nikaha girmək istəyirdi. Dəfələrlə məni müalicə etdirdi, xaricə aparıb gəzdirdi. Narkotikdən uzaqlaşdırmaq istədi, mən bacarmadım. Axırda bir gün heç nə demədən çıxıb getdi…”
Xatirə deyir ki, hazırda onun 60 yaşı olar. İndi özünün və qızının atasını tapmaq istəyir.