Abşeron rayonunda bacısını qətlə yetirməkdə təqsirləndirilən Babək Fərzəliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Medianews.az “report”a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Səbuhi Hüseynovun icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.
Qeyd edək ki, hadisə ötən il noyabrın 24-də baş verib.
İttihama görə, 1996-cı il təvəllüdlü Babək Fərzəliyevin 1999-cu il təvəllüdlü bacısı Aytən Fərzəliyevanı Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisindəki qəbiristanlıqda yaxın qohumlarının məzarını ziyarət edərkən öldürüb.
O, qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla A.Fərzəliyevaya çoxsaylı xəsarətlər yetirib.
Babək Fərzəliyev istintaqda dindirilərkən A.Fərzəliyevanı qəsdən öldürdüyünü etiraf edib.
Hadisənin təfərrüatı ilə bağlı Azərbaycan Uşaqları Birliyinin sədri Kəmalə Ağazadə bildirib ki, bir neçə il bundan əvvəl Aytən Fərzəliyevanın anası və bacısı Yasamal rayon ərazisində yaşadığı mənzildə intihar edib.
O qeyd edib ki, həmin hadisədən sonra A.Fərzəliyeva uşaq sığınacağına yerləşdirilib: “Həmin vaxt Aytənin 15 yaşı vardı.
Onun anası ilə bacısı atasının təzyiqlərinə dözməyərək yaşadığı mənzildən özlərini ataraq intihar edib. Atası da bu işə görə həbs edilib.
Biz bir dəfə Aytəni onun anası ilə bacısının qəbri üstünə aparmışdıq. Sonra Aytən bir nəfərlə qeyri-rəsmi nikahda yaşayırdı, ondan da uşaq dünyaya gətirdi.
Qızın qardaşı hərbi xidmətdən gələndən sonra Aytənlə danışmağa başladı. Bu barədə Aytənin özü mənə demişdi ki, qardaşı ilə ev məsələlərini həll etmək istəyir.
Mən də dedim ki, “gəl, sən əvvəl öz sənədlərini düzəltdir”. Çünki onun ancaq doğum haqqında şəhadətnaməsi vardı. Uşağı dünyaya gələndən sonra hələ də sənəd ala bilməmişdi”.
K.Ağazadə söyləyib ki, A.Fərzəliyeva hadisədən bir gün əvvəl qardaşı Babək Fərzəliyevlə görüşüb: “Mən bildiyim qədəri ilə qardaşı onu aldadıb, anası və bacısının qəbri üstünə aparıb.
Sonra da qızı öldürüb. Onların görüşü barədə mənə məlumatı dünən gecə Aytənin qayınanası dedi. Yenə də səbəb olacaq ki, guya qardaş bacısını namus üstündə öldürüb.
Onlar hansı namus, hansı qeyrətdən danışırlar?
Aytən balaca olanda kafedə işləyib, evə atasına pul aparırdı. O, məktəbə getmirdi. Anası çox fağır bir qadın olub.
Onların evlərində həmişə qalmaqal, şiddət olurdu. Belə də qisas olar? Qardaş onu aldadaraq aparıb öldürüb”.