Bir müddət əvvəl gündəmi “Instagram” sosial şəbəkəsində müxtəlif mövzularda videolar paylaşaraq, özlərini “viner” elan edən şəxslər zəbt etdi. Bu gün isə daha yeni terminlər ortaya çıxmağa başlayıb. Gənclər bu dəfə özlərini “Tik-Tok”er adlandıraraq “meydanı ələ almağa” çalışırlar.
Qeyd edək ki, “Tik-Tok” tətbiqi qlobal bazara 2018-ci ildə daxil olub. Bu tətbiqin köməyilə insanlar, adətən, arxa fonda musiqinin istifadə edildiyi 15 saniyəlik videolar çəkir.
Çəkilən videolarda xəyanət, dostluq, sevgi, “avtoşluq” və bir sıra başqa məqamlara toxunulur. Hətta bəzən təhlükəli anlar əyləncəyə çevrilir. “Tik-Tok” istifadəçiləri arasında 10 yaşlı uşaqlar da var, 50-60 yaşdan yuxarı insanlar da. Paylaşılan videoların əksəriyyəti başqa platformalarda da paylaşılaraq qınanılır, tənqid olunur.
Görəsən, insanları bu videoları çəkməyə vadar edən nədir – yeni trend yaratmağın başqa yolu, yoxsa cəhalət?
Mövzu ilə bağlı psixoloq Aytən Ələkbərova Oxu.Az-a açıqlamasında bildirib ki, bu məsələ olduqca xaotikdir.
O qeyd edib ki, yeniyetməlik yaşında olan uşaqlar tərəfindən çəkilən videolar qısa zamanda tanınmaq məqsədi güdür:
“Gənclərdən çox, 11-12 yaşlı uşaqlarda “Tik-Tok” videolarına maraq daha çoxdur. Elə uşaqlar var ki, onlar cəmiyyət arasında özlərini sübut etmək üçün başqa addımlar da atırlar. Təəssüf ki, bu da həmin addımlardan biridir. Məktəbdə, başqa sahələrdə özünü doğrulda bilməyən yeniyetmələr “Tik-Tok” vasitəsilə qısa zamanda tanınmaq məqsədilə videolar çəkirlər.
Əvvəllər bu yaş aralığında olan uşaqların məşğuliyyəti fərqli idi. Onlar məktəbdən sonra zamanlarını valideynləri ilə birgə keçirirdilər. Qızlar ev işlərində analarına, oğlanlar isə atalarına kömək edərdilər. Ya da müxtəlif dərnəklərə, kurslara gedərdilər. Texnologiya dövrü olduğu üçün bu gün hər kəsin əlində planşet, telefon var. Texnoloji biliklərə yiyələnmək, əlbəttə ki, yaxşıdır. Amma təəssüf ki, bizim gənclər əldə etdiyi bilikləri istifadə etmək üçün tənbəllik edirlər.
Bunun səbəbi isə böyüklərin uşaqlarına qarşı diqqətsiz münasibətidir. Valideynlər uşaqların öyrəndiyi kiçik bir yeniliyə laqeyd yanaşaraq, onları motivasiyadan məhrum edirlər. Belə halda uşaqlar sanki özbaşına böyüyür və özünə kənarda diqqət axtarır. Sonra isə “Tik-Tok” kimi proqramlara meyil edir”.
Psixoloq bəzən paylaşılan videoların yeniyetmələrə mənfi təsir göstərdiyini də deyib:
“Paylaşılan hər video, paylaşımın mənfi təsirlərə yol açdığını deyə bilmərik. Amma paylaşılan bəzi videolar uşaqlara mənfi təsir göstərə bilir. Kənardan baxan uşaq o insanların necə biri olduğunu bilmir. Lakin həmin videolar onu cəlb etdiyi üçün uşaqlar həmin şəxslərlə ünsiyyət qurmağa başlayır.
Bu tip ünsiyyətlərə görə evdən gedən, geri dönülməz səhvlərə yol verən, intihara meyil edən yeniyetmələr olub. Çünki bu zaman özünü qiymətləndirmək forması, mənlik şüuru bir anlıq kənarda qalır. Yeniyetməlik dövründə uşaqlar təsir altına daha tez düşürlər.
Uşaqlar telefon əllərində istənilən sosial şəbəkələrdə canlı yayımlara baxa bilirlər. Canlı yayımlarda isə insanların bir-birini təhqir etməsi, söyüş söyməsi onlarda həmin şəxslərə maraq yaradır. Beləliklə, istər “Tik-Tok”da, istərsə də digər sosial şəbəkələrdə istifadəçilərin sayı artır.
Öz bacarıqlarını başqaları ilə müqayisə etmək marağı günbəgün “Tik-Tok”erlərin sayının artmasına gətirib çıxarır. Hətta bir dəfə uşaqlardan biri mənə dedi ki, mən “Tik-Tok”da baxış sayını artırmaqla pul qazanmağa başlamışam”.
Gənclərin və orta yaşlı insanların bu tip videolar çəkməsini isə psixoloq insanın özünü unudaraq eyforik vəziyyətə düşməsi ilə əlaqələndirib:
“Həmin insanların çəkdiyi videoların mövzusu çərçivəli olur. Onlar bunu sadəcə maraq üçün edirlər. Bəzi videolarda nənəsi, babası ilə çəkiliş edənlər də var. Onlar bunu öz yaxın insanları üçün gülüş, əyləncə xətrinə edirlər.
Bəzən bu videolar ələ salmaq, təlxəklik etmək kimi də qiymətləndirilir. Amma bu da nisbidir. İnsanın öz-özünə etdiyini, el də yığışsa edə bilməz. Həmin insanların bu davranışları qınanılır və ətrafdakı insanların gözündən düşürlər”.