Yanvar ayının 18-də seçkiqabağı təşviqat kampaniyası çərçivəsində 35 saylı Xətai üçüncü seçki dairəsindən millət vəkilliyinə namizəd Rauf Arifoğlu seçicilərlə geniştərkibli görüş keçirib.
M.Ə.Sabir adına kitabxanada 200 nəfərdən çox seçicinin iştirakı ilə baş tutan görüşdə Rauf Arifoğlunun vəkilləri sabiq maliyyə naziri, professor Saleh Məmmədov, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Xətai rayon şöbəsinin sədri Sabit Kazımov, Qarabağ qaziləri Etibar Əmiraslanov, Hacı Əkbər Rüstəmov, Ana Vətən Partiyasının sədr müavini Arzuman Abdulkərimov, Mir Tağı Məcidinin axundu Seyid Mircəfər Ağa seçki qərargahının sədri Çingiz Özgür, seçki texnoloqu və Rauf Arifoğlunun vəkili Ruslan İbrahimbəyli iştirak ediblər.
R. Arifoğlu seçiciləri salamlayaraq keçdiyi mübarizə yolundan, vətən uğrunda savaşından, rəhbəri olduğu qəzetin tarixi fəaliyyətindən bəhs edib.
O, həmçinin özünün seçki platformasını açıqlayaraq qarşıdakı 5 ildə seçicilərinin yanında olacağını vəd edib. Ölkənin ən böyük media orqanına rəhbərlik etdiyini deyən namizəd bu bölgənin insanlarının problemlərini işıqlandırmaq və həllinə nail olmaq imkanlarından bəhs edib. Qeyd edib ki, fəaliyyətdə olduğu 30 il ərzində “Yeni Müsavat” qəzeti ən çox Xətai rayonun problemlərini işıqlandırıb. Namizəd geridə qalan 1 aylıq seçki prosesi dövründə Xətai rayonunda işıqlandırılan problemlərdən və görülən işlərdən danışıb.
R. Arifoğlu vətəndaşları narahat edən problemləri dinləməyə hazır olduğunu və onların həlli ilə bağlı vətəndaşların səslərini aidiyyatı qurumlara çatdıracağını bildirib: “Bizim böyük bir komandamız var və onlar qarşıdakı 5 ildə sizinlə olacaqlar. Sizi əmin edirəm ki, heç 5 ildən sonra məni buraxmaq istəməyəcəksiniz”.- deyə R.Arifoğlu bildirib.
Namizədin bütün çıxışları alqışlarla qarşılanıb.
R. Arifoğlu hazırda ölkədə böyük dəyişikliklər getdiyini və Xətai rayonun da bu dəyişikliklərdən faydalanmasını istədiyini deyib.
Daha sonra Xətai rayonunda böyük bir küçənin adını daşıyan Azərbaycan Milli Qəhrəmanın İnqilab İsmayılovun xanımı Gülzar Orucova çıxış edib, onları yad etdiyi və diqqət göstərdiyi üçün namizədə təşəkkürünü bildirib, vətəndaşları ona Rauf Arifoğluna səs verməyə çağırıb.
Saleh Məmmədov çıxış edərək qanunvericilik sahəsində islahatlara ehtiyac olduğunu və bunun üçün Rauf Arifoğlunun Milli Məclisdə təmsil olunmasına ehtiyac olduğunu vurğulayıb. Tədbirdə Hacı Əkbər Rüstəmov, Etibar Əmiraslanov da çıxış edərək Rauf Arifoğlunun Qarabağ uğrunda savaşından və vətənpərvərliyindən danışıblar.
Seyyid Mircəfər Ağa isə çıxışında məscidin problemlərinin həllinə dəstək olduğu üçün Rauf Arifoğluna təşəkkürü bildirib və hər kəsi fevral ayının 9-da məntəqələrə gələrək ona səs verməyə çağırıb.
Rauf Arifoğlu seçicilərinə səslənərək onun əleyhinə aparılan kampaniyadan xəbərdar olduğunu deyib, qeyd edib ki, rəqibləri artıq onun qələbəsinə əmindir və bu səbəbdən siyasətçiyə yaraşmaya yollara baş vururlar. Tədbir seçilərin “Yaşasın Rauf bəy” şüarları və alqışlarla başa çatıb.
Nərgiz Liftiyeva
Fotolar: Məhəmməd Türkmən