Son dövlər Azərbaycanda yeniyetmə və məktəblilərin evdən qaçma halları artıb. Belə ki, azyaşlılar müxtəlif səbəblərdən evlərini tərk edərək naməlum istiqamətə gedirlər. Sonradan hüquq-mühafizə orqanlarının müdaxiləsi ilə yeniyetmələr aşkar olunaraq ailələrinə təhvil veriliblər.

BAKU.WS xəbər verir ki, mövcud problem kütləvi hal almasa da, ölkənin müxtəlif şəhər və rayonlarından bu kimi xəbərlər gəlməkdədir.

Yeniyetmələri evdən qaçmağa sövq edən səbəblər, mövcud problem zamanı atılmalı olan addımlar və bundan çıxış yollarını müəyyən etmək üçün ekspertə müraciət etdik. Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova BAKU.WS-ə azyaşlıların evdən qaçma halları bir çox səbəbdən qaynaqlanır: “Uşaqların evdən qaçması bir neçə haldan baş verir. Birinci halda uşaqlar evdə zorakılığa məruz qalırlar. Digər vəziyyətdə uşaqların əqli cəhətdən zəyifliyi və nəzarətsiz qalmaları onların evlərindən qaçmasına səbəb olur. Ötən il bu hal üzrə bir neçə uşaq bizim mərkəzi yerləşdirilmiş və müraciətimizdən sonra valideynləri tapılmış və uşaqlar da təhvil verilmişdi.

Ümumiyyətlə evdən qaçan uşaqlarla bağlı polisə müraciət etsək və nəticələrini araşdırsaq görəcəyik ki, əksəriyyətində  ailə münaqişəsi zəmnində və psixoloji durumlarında problemlər səbəbindən bu hallar baş verir. Bəzən uşaqlar ailədə eşidilmədiyi üçün qaçmağa üstnülük verir və bu yolla ailəsini cəzalandırmaq istəyir”.

Ekspert həmçinin bildirdi ki, Azərbaycan ailələrinin bəzilərində uşağın rəyini soruşmaq ənənəsi yoxdur: “Təəssüflər olsun ki, bizim ailələrdə uşağın rəyini soruşmaq ənənəsi yoxdur. Şəxsiyyəti formalaşmış, üzləşdiyi hala psixoloji etiraz edə bilən uşaq isə bir çox hallarda evdən qaçır.  Həmçinin yeniyetmələrin aşiqolma halları da baş verə bilər ki, bu da onları evdən qaçmağa sövq edə bilər. Bəzi uşaqlarda isə davranış dəyişikliyi olur və valideynlərin onları idarə etməyə gücü çatmır. Bu uşaqlar ümumiyyətlə idarə olunmurlar. Bəzən də ailə iş prosesində olur və uşaq nəzarətsiz qalır.

Uşaq da sərbəst qaldığı üçün hansısa kənar mühitə qoşulur və nəticədə evdən gedir.Uşaqları evdən qaçmağa vadar evdən hallardan biri də valideynlərin münasibət qurmaları olur. Məsələn hansısa ana təkdir evinə kişi gətirir, və ya hər hansı ata evinə qadın gətirir. Bu halları uşaqlar qəbul edə bilmir və nəticədə evlərini tərk edirlər.Valideynləri işdə olan uşaqlarla bağlı bəzi çıxış yolları mövcuddur. Məsələn valideynlər işdə olduqları zaman övladlarını günərzi mərkəzlərinə apara bilərlər. Mənim işlədiyim müəssisəyə belə uşaqlar çox gətirilir. Bu uşaqlara nəzarət mexanizmini biz həyata keçiririk”.

Uşaqlarınının evdən qaçmasını istəmirsinizsə, bunlara mütləq diqqət yetirin:

Azyaşları qətiyyən nəzarətsiz buraxmaq olmaz. (Əgər valideynlər işləyirsə, dayə tutulmalı, günərzi qayğı mərkəzlərinə müraciət etməlidir).

Uşaqla davranışda problem varsa, mütləq mütəxəssisə müraciət olunmalıdır.

Uşaqları təhsildən yayındırmaq qətiyyən olmaz. Valideynlər uşaqlarını dinləməyi bacarmalıdır və onlarla müxtləq ünsiyyət qurmalıdır.

Valideynlər yeni intim əlaqələr qurarkən buna diqqət etməlidir.