1950-1960-cı illərdə Türkiyənin baş naziri olan Adnan Menderes ölkə tarixinin ən eşqbaz siyasətçilərindən biri kimi də tanınır. Qiyamla devrilərək edam olunan Menderesin ən böyük məhəbbəti isə məşhur aktrisa Ayhan Aydan idi. Bu, qadağan olunmuş – içi xəyanətlə dolu bir məhəbbət idi.

Milli.Az teleqraf.com-a istinadən Adnan Menderes və Ayhan Aydan arasındakı sevgi münasibətləri haqda yazını təqdim edir.

Tanış olanda Menderesin əlli, Aydanın isə iyirmi beş yaşı vardı. İllərlə davam edən bu sevgi əngəllər və problemlərlə doludur.

Baş nazir və aktrisa bir ziyafət gecəsində tanış olur. Menderes Aydanı görər-görməz aşiq olur. Eşqbazlığı ilə tanınan Menderes tanış olduqdan az sonra zəng edərək Aydanı axtarır. Bir müddət şəhərdə olmayacağını deyir.

Altı il evli olan Aydanın yaxınlarda həyat yoldaşından boşanacağını bilən Menderes söhbəti kübarca bura gətirib soruşur: “Qayıtdıqdan sonra yenə də bu nömrəyə zəng edə biləcəyəm?”

Aydan həmin nömrədən ona zəng edə biləcəyini bildirir. Bu söhbətdən beş il sonrakı dönəmdə Menderes Aydana bu nömrədən zəng edir.

Qadın bu məhəbbətin qeyri-mümkün olduğunu bilsə də, baş nazirdən imtina edə bilmirdi. Menderes gizli sevgilisinin evinə həftədə bir neçə dəfə çiçək göndərir.

O, Aydanın yaşadığı evə ilk dəfə öz avtomobili ilə gəlir. Evli bir baş nazir olan Menderes bütün söz-söhbətlərə baxmayaraq, hər kəsə meydan oxuyur və Aydanla küçəyə çıxaraq gəzməyə başlayır. Məhəbbətin alovu hər ikisini yandırdıqca, qısqanclıq da başlayır. Menderes Aydandan operadan imtina etməsini istəyir, Aydan isə Menderesi həyat yoldaşına qısqanır.

Tanış olduqlarının ikinci ildönümünü baş nazirin Mərmərə köşkündə qeyd edirlər. Menderes Aydan üçün şampan açır. Lakin Menderes Aydanla sevgi yaşadığı illərdə başqa qadınlarla da görüşürdü. Aktrisa buna görə baş nazirlə olan münasibətinə son qoyur.

Adnan Menderes bütün bunlara baxmayaraq, Aydanın evinə gəlir, əllərində çiçək sevgilisindən onu bağışlamasını gözləyir. Lakin heç nə qadının qəti qərarını dəyişmir.

Məşhur “uşaq məhkəməsi”ndə Ayhan Aydan Menderesin həyat yoldaşı Berrin Mendereslə üz-üzə gəlir. Berrin xanım həmin vaxt Aydanın ifadəsini dinləmək məcburiyyətində qalır.

Aktrisa baş nazir haqda bunları demişdi: “Sevdim, ondan bir uşağımın olmasını istədim”.