Binəqədi rayonunda saxlanılan narkotacirin silsilə oğurluqlar etməsi obyektlərin təhlükəsizlik kameraları vasitəsilə anbaan qeydə alınıb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Medianews.az-a bildirilib.

Verilən məlumata görə, əməliyyat Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilib.

Əməliyyat zamanı narkotik vasitələrin qanunuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

Belə ki, bölməyə Binəqədi qəsəbəsində bir nəfərin narkotik vasitələrin alqı-satqısı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olub.

Keçirilən tədbir zamanı həmin şəxs, qəsəbə sakini əvvəllər məhkum olunmuş Hüseyn Bilalov tutulub. Onun üzərində şəxsi axtarış aparılan zaman 0,358 qram, yaşadığı evin həyətində yarımtikilidə gizlətdiyi yerdən isə əlavə olaraq 1 kiloqram 510 qram narkotik vasitə heroin aşkar olunaraq götürülüb.

H.Bilalovun 43–cü Polis Bölməsində ərtafına əlavə əməliyyat tədbirləri keçirilən zaman onun başqa cinayətlər törətdiyi də məlum olub. Araşdırma zamanı onun Binəqədi rayonu ərazisində 1 evdən və 7 maketdən pul, tütün məmulatları, kombi aparatı, mobil telefonlar oğurladığı da məlum olub. Qeyd edək ki, H.Bilalovun marketlərdən oğurluq etməsi həmin obyektlərin təhlükəsizlik kameraları vasitəsilə də anbaan qeydə alınıb.
Faktla bağlı saxlanılan şəxs barəsində 43-cü Polis Bölməsində toplanan materiallar Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. H.Bilalov barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb əməliyyat-istintaq tədbirləri davam etdirilir.