Vergi Məcəlləsində edilmiş dəyişiklikləri iqtisadi hədəflər və islahatın məqsədləri baxımından yeddi əsas istiqamət üzrə təsnifləşdirmək olar.

Oxu.Az xəbər verir ki, bu sözləri Vergilər Nazirliyinin Vergi siyasəti Baş İdarəsinin rəisi Samirə Musayeva deyib.

S.Musayeva Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərin əsas istiqamətləri, iqtisadi hədəfləri və alətləri barədə ətraflı məlumat verib:

“Bunlar bərabər və şəffaf fiskal mühitin təmin edilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi, sahibkarların inzibatçılıq yükünün aşağı salınması, sahibkarlıq fəaliyyətinin təşviq olunması, sosial xarakterli güzəştlər vasitəsilə əhalinin və sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması, vergitutma bazasının genişləndirilməsi, beynəlxalq vergitutma və məlumat mübadiləsi üzrə öhdəliklərin yerinə yetirilməsi kimi məqsədləri əhatə edir”.

S.Musayeva ədalətli rəqabətin şərti kimi üç istiqamətə diqqət yönəldib:

“Belə ki, bərabər və şəffaf fiskal mühitin təmin edilməsinin əsas məqsədlərindən biri və hədəf qrupu üzrə müəyyən edilmiş dəyişikliklərin şərti olaraq üç istiqaməti var. Bunlar əmtəəsiz əməliyyatlar aparan vergi ödəyicilərinə qarşı mübarizənin aparılması, riskli vergi ödəyicilərinə nəzarətin gücləndirilməsi və vergidən yayınma hallarının miqyasının azaldılmasını əhatə edir”.

Vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətinə toxunan S.Musayeva qarşıdakı ildən etibarən ƏDV-nin kassa metodu əsasında hesablanmasının mütərəqqi yenilik olduğunu diqqətə çatdırıb:

“Qeyd edək ki, vergi ödəyicilərinin xeyli hissəsi bu dəyişikliyə qədər mövcud olan qaydanın onlara inzibatçılığın qurulmasında müəyyən çətinliklər yaratdığı və əlavə maliyyə yükü ilə üzləşdikləri ilə bağlı məsələ qaldırılıb. Yeni dəyişikliklər ƏDV ödəyiciləri tərəfindən ƏDV tutulan əməliyyatın vaxtının müəyyən olunmasında inzibatçılığı əhəmiyyətli dərəcədə yüngülləşdirməklə yanaşı, vergi ödəyicisinin maliyyə vəsaitinə qənaət etməsinə gətirib çıxaracaq.

Sahibkarların inzibatçılıq yükünün azaldılması və sahibkarlıq fəaliyyətinin təşviq edilməsi istiqaməti üzrə Vergi Məcəlləsində elektron vergi hesab-fakturasının və elektron qaimə-fakturanın vahid sənədlə – elektron qaimə-faktura ilə əvəz edilməsi, vergi orqanında uçotda olmayan şəxslərdən alınmış mallara görə tərtib edilən “Malların alış aktı” ciddi hesabat blankının elektronlaşdırılması, agent qaydasında aparılan əməliyyatlar üzrə sənədləşmənin daha çevik qaydada tənzimlənməsi ilə bağlı dəyişikliklər edilib”.