2020-ci ilin yanvarın 1-dən ölkə üzrə icbari tibbi sığorta sisteminin tətbiq edilməsi ilə əlaqədar tibb müəssisələrinin mərhələli şəkildə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə təhvil verilməsi prosesi gələn il ərzində davam etdiriləcək.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Səhiyyə nazirinin müavini Rahim Əliyev deyib.

Onun sözlərinə görə, səhiyyə müəssisələrinin Səhiyyə Nazirliyinin və ya başqa qurumun tərkibində olması vacib faktor deyil.

Nazir müavini bildirib ki, Səhiyyə Nazirliyi daim dövlətin səhiyyə siyasətini yürüdür və yürüdəcək: “Pulsuz səhiyyə özünü doğrultmadı.

Pulsuz səhiyyə dövlət üçün böyük yükdür və həddindən artıq problemdir. Dünyanın inkişaf etmiş ölkələrində əhali icbari tibbi sığorta ilə müalicə olunur”.

R.Əliyev əlavə edib ki, səhiyyə müəssisələrinin hansı qurumun tabeliyində olmasından asılı olmayaraq, icbari tibbi sığorta ilə əhaliyə göstəriləcək səhiyyə xidmətlərinin keyfiyyəti yüksələcək.