Deputatın oğlu dələduzluğa görə həbs olunan şəxsin Elmira Axundovaya günaşırı 5 min manat aparması haqqındakı yazılanlara münasibət bildirib.

Medianews.az xəbər verir ki, Həbib Axundov yazılanların həqiqətə uyğun olmadığını və qərəzli şəkildə yazıldığını bildirib.

Sözügedən açıqlamanı təqdim edirik:

“Bu günlərdə bəzi yerli mətbuat orqanları tərəfindən Elmira Axundova və mənim haqqımda dərc edilərək yayılan yazıya münasibət olaraq bildirirəm ki, bu qərəzli və həqiqətə uyğun olmayan məlumatdır. Bilirəm ki, bu qarayaxma kampaniyası haradan qaynaqlanır. Çünki Fərman Məmmədov başda olmaqla şantaj və qarayaxma qrupu ilə məhkəmələrdə uzun sürən prosesslərdən sonra biz həqiqəti üzə çıxardıq. Və artıq bu 5 nəfərlik qrup üzvü şərəf və ləyaqətin alçaldılmasına görə yuxarı instansiya məhkəmərində təsdiqlənmiş məhkəmə qətnamələri ilə öz layiqli cəzalarını aldılar, yayılan yazıların həqiqətə uyğun olmaması müəyyən edilmişdir. Elə Binəqədi Rayon Məhkəməsinin qətnaməsinə  əsasən onlar Elmira Axundovaya və mənə dəymiş mənəvi ziyana görə 90 min manat ödəməli, yanlış məlumatları yayan Kütləvi İnformasiya Vasitələrində isə təkzib verməli, üstəlik məndən və Elmira Axundovadan üzr istəməlidirlər. Həmin qətnamənin icra vaxtı çatdığına görə bu insanlar yenə də öz çirkin əməllərini davam edərək müəyyən fotolar və həqiqətə uyğun olmayan məlumat yayırlar. Hazırda Binəqədi Rayon Məhkəməsinin qüvvəyə minmiş qətnaməsindən cavabdehlərdən F.Həşimov özünü çıxarılan qətnamədən xəbəri olmamış kimi göstərərək apellyasiya şikayəti vermişdir. Elə həmin qətnamə yuxarı instansiya məhkəmələrində qüvvədə saxlanılmışdır. Onun apellyasiya şikayətini baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini qələbə olaraq sensasiya kimi qələmə  verirlər və bunu da yanlış olaraq Binəqədi Rayon Məhkəməsinin hakimi İlkin Əliyevin Elmira Axundovanın və mənim əleyhimə qətnamənin çıxarması kimi yazırlar.Yəni apellyasiya şikayətinin verilməsi müddətinin bərpası onların xeyrinə qətnamənin çıxarılması demək deyildir. “8 milyonluq dələduzluq işinə” gəldikdə isə demək istəyirəm ki,bu mövzuda olan məqalə daxil olmaqla Elmira Axundova və mənim barəmdə Fərman Məmmədov,Feyruz Həşimov və digərləri tərəfindən yayılan yazıların həqiqətə uyğun olmadığı məhkəmə qətnamələri ilə təsdiqini tapmışdır. Bundan əlavə göstərmək istəyirəm ki, KİV-də yayılan “ 8 milyonluq dələduzluq işi” ilə bağlı cinayət işi Ağır cinayətlər məhkəməsində çoxdan başa çatmışdır, burada söhbət 8 milyon yox cəmi 1 milyon manatdan gedirdi və üstəlik mənim bu işdə zərərçəkmiş statusunda tanınmam tam təstiq olunmuşdur. Ona görə də, həqiqətə uyğun olmayan belə məqalələri və 5 il əvvəl çəkilmiş, 3 il bundan öncə rəhmətə getmiş xanımın şəkillərini yayaraq onlar icra prosesinə mane olmağa, vaxtı uzatmağa çalışırlar. Həm də bu zənnimcə onların mənəviyyat səviyyəsini göstərir. Mən bunu icra orqanlarına təzyiq kimi qiymətləndirirəm. Fərman Məmmədova isə tövsiyyə edirəm ki, başqalarını ləkələməkdənsə öz həyatına nəzər salaraq, o həyatının bəzi qaranlıq səhifələrini yada salsın. Mənim də onun və başqa qrup üzvləri haqqında məlumatımız geniş və dolğundur. Lakin mən kiminsə haqqında xoşagəlməz məlumatlar yaymaqdansa məsələni qanun çərçivəsində həll etməyə üstünlük tutaraq onlara dəfələrlə qalib gəlmişəm. Bu dəstə ifşa olunub və qanuni cəzalarını alıblar. Lakin onlar yenə də belə çirkin məlumatları yayaraq Elmira Axundovanın adını ləkələməyə çalışırlar”.

Qeyd edək ki, Binəqədi Rayon Məhkəməsində hakim İlkin Əliyevin sədrliyi ilə deputat Elmira Axundova və oğlu Həbib Axundovun iddiasına baxılıb. Hakim deputat xanımın və oğlunun şikayətini araşdıraraq hesab edib ki, verdikləri şikayət qanuni və əsaslı deyil. Ona görə də şikayəti təmin etməyib. Bu iddianın meydana çıxmasına səbəb olan hadisələr 2013-cü ildə cərəyan edib. Həmin il Elmira Axundova və oğlunun adı mətbuatın gündəminə  8 milyon manatlıq dələduzluq işinə görə gəlib. İş üzrə zərərçəkənlər ölkə rəhbərliyinə, mətbuata üz tutaraq deputatın, oğlunun adı keçən dələduzluq işinin ört-basdır edilməsinin qarşısını almağa çalışırdılar. Buna Elmira Axundova parlamentdə əyləşdiyi müddətdə əsasən nail də olmuşdu.

Medianews.az