Dekabrın 10-da Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə tərəfdaşlığı ilə dini-siyasi, iqtisadi, irqi, hərbi zorakılığına qarşı “Zorakı ekstremizm ilə mübarizə: Birgə tərəfdaşlıqla dayanaqlılığın gücləndirilməsi” mövzusunda Bakıda beynəlxalq konfrans keçirilib.

BAKU.WS mediapost.az-a istinadən xəbər verir ki, tədbirdə BMqT-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Vladimir Qiyorgiyev moderatorluq edib. O, çıxışında bütün dünya ölkələrində ekstremizmə qarşı birgə mübarizə aparıldığını vurğulayıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxışında birgə tərəfdaşlığın güc dayanaqlığın artırılmasına, əmin-amanlığa şəraitin yaradılmasına, müxtəlif etnik qrupların fikir plüralizminə xidmət etdiyini deyib.

Tədbir iştirakçıları arasında yer alan millət vəkili Elman Nəsirov çıxışında beynəlxalq hüququn işləmədiyini vurğulayıb: “Bu gün beynəlxalq hüquq işləmir. Təəssüf ki, hüquq gücün qarşısında geri çəkilir, çünki balans pozulub”.

E. Nəsirov ekstremistlərin potensial terrorçu olduğunu deyərək dünyanı onlardan təmizləmək lazım olduğunu bildirib:

“Necə edək ki dünyamızı bu qorxulu proseslərdən qoruyaq? Fikir vermisinizsə, radikalların hədəfində əsasən gənclərdir. Hətta bu məsələylə bağlı Amerikada gənclər arasında maraqlı eksperiment aparıblar. Nəticədə bəlli olub ki, əla qiymətlə oxuyan gənclər terrorçu olmurlar, 2 qiymətlə oxuyanlar da olmurlar. 3 qiymətlə oxuyan gənclər potensial terrorçudurlar. Belə gəncləri də dövlətə qarşı istifadə edirlər. Demokratik dövlətlərdə yaşayan gənclər əsasən 5 qiyməti alanlardır. 2 qiymətlə oxuyan gənclər totalitar, avtoritar cəmiyyətlərin nümayəndələri olur və belə cəmiyyətlərdə terrorizm, radikalizm üçün real şərait olmur. Azadlıqdan xəbəri olan, onu dadan, ancaq azadlığın ardını görməyən insanlar ekstremist olurlar.

Hazırda Azərbaycan parlamentində dini ekstremizmə qarşı qanunlar qəbul olunub, hətta qanunlara dəfələrlə düzəlişlər də olub. Məncə, ölkəmizin bu istiqamətdəki ən böyük töhfəsi mövcud olan multikulturalizmdir. Dünya liderləri deyir ki, multikulturalizm iflasa uğrayıb. Ancaq Azərbaycan prezidenti İlham Əliyev beynəlxalq konfranslara ev sahibliyi etməklə sübut göstərir ki, ölkədə multikulturalizm yaşam tərzimizdir, dövlət siyasətidir. Bu, təkcə dövlət siyasəti deyil, həm də ictimai sifarişdir, çünki insanlar bunu istəyir. Belə vəziyyət gələcəyimizin təminatıdır.

Cənab İlham Əliyev 2015-ci ildə Rusiya kanallarından birinə müsahibə verəndə bildirdi ki, bir neçə il əvvəl Avropada neofaşizm baş qaldıracağını desəydilər, inanmazdıq. Ancaq bu gün Avropanın mərkəzi küçələrində yürüşlər keçirərək, – “İslam stop!”, – deyirlər. Biz belə vəziyyətdə birləşməsək, terroristlərlə birgə mübarizə aparmasaq kim deyə bilər ki, 5 il sonra hakimiyyətə radikallar gəlməyəcək? 1933-cü ildə Hitler hakimiyyəti zəbt etmədi, o, hakimiyyətə seçki yolu ilə gəldi. 6 il sonra nə oldu? 70 milyon insan məhv edildi. Biz mövqe bildirməsək, kim təminat verir ki, Avropanın böyük dövlətlərində ekstremistlər dövlət strukturlarında yer almayacaq? Bu suallar çox düşündürücüdür. Ona görə belə tədbirlərin keçirilməsi lazımdır”.