Rusiyada musiqi fəaliyyəti ilə məşğul olan azərbaycanlı ifaçı Elman Zeynalov uzun müddət tanış olduğu koreyalı model Margarita Tsoy ilə münasibətlərini rəsmiləşdirmək qərarına gəlib.
Oxu.Az xəbər verir ki, “Yeni Ulduz Fabriki” musiqi layihəsinin finalçısı, Sumqayıtda boya-başa çatan Elman Moskvadakı vitrin salonlarının sahibi Margarita ilə evlənib.
Müğənni toydan olan fotolarını şəxsi “Instagram” hesabında paylaşıb. Cütlük uzun müddət tanış olmalarına baxmayaraq, münasibətlərini gizli saxlayıblar. Münasibətlərini rəsmləşdirdikdən sonra Zeynalov bu xəbəri pərəstişkarları ilə bölüşmək qərarına gəlib. İfaçı olduqca xoşbəxt olduğunu qeyd edib.
Qeyd edək ki, Elman Zeynalov Sumqayıtda anadan olub, sonra ailəsi ilə birgə Rostov-na-Don şəhərinə köçüb. Rusiyanın Muz TV musiqi kanalında yayımlanan “Yeni Ulduz Fabriki” layihəsi ilə bütün Rusiyaya məşhurlaşıb.
O, sözügedən mahnı yarışmasında iştirakı zamanı Rusiyanın pop ulduzları Ani Lorak, Qriqori Leps, Ciqan və digər məşhurlarla duet oxuyub. Hazırda Zeynalov Azərbaycanın Xalq artisti Emin Ağalarovun yaratdığı “Zhara Music”in üzvüdür.