Oktyabrın 24-də prezident İlham Əliyev Dilarə Seyidzadənin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Qeyd edək ki, sabah D.Seyidzadənin 80 yaşı tamam olur.
“Yeni Müsavat” məşhur Seydovlar nəslinin nümayəndəsi olan Dilarə Seyidzadənin və atasının həyat yolu haqqdında internet resurslarından topladığı məlumatlar təqdim edir.
Tarixçi yolu
Dilarə Seyidzadə 1939-cu il oktyabr ayının 25-də Bakıda anadan olub. Azərbaycan Dövlət Universitetini(indiki BDU) bitirib.
1961-1978-ci illərdə Azərbaycan EA-nın Tarix İnstitutunda baş laborant, kiçik elmi işçi, 1978-1983-cü illərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasnda baş müəllim, 1983-1993-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunda baş elmi işçi, aparıcı elmi işçi, 1993-1997-ci illərdə Prezidentinin İcra Aparatının Humanitar siyasət şöbəsində böyük məsləhətçi, 1997-1998-ci illərdə Azərbaycan prezidentinin köməkçisi, 1998-1999-cu illərdə Azərbaycan Respublikası Prezidentinin Katibliyi rəisin müavini-Prezidentin köməkçisi vəzifələrində çalışıb.
Azərbaycan prezidentinin 16 noyabr 1999-cu il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Prezidenti Katibliyinin rəisi vəzifəsinə təyin edilib.
Dilarə Seyidzadə Dövlət qulluğunda xidmətlərinə görə 2009-cu ildə “Şöhrət” ordeni ilə təltif edilib.
İrəvanlı nəsil Tiflisə niyə köçür?
Dilarə Seyidzadənin atası Bağır Seyidzadə İrəvanlıdır. B.Seyidzadə və qardaşı 1918-ci ildə İrəvanda millətlərarası münasibətlər kəskinləşdikdən sonra şəhəri tərk edib ailəlikcə Tiflisə köçüblər.
Onlar Tiflisdə azərbaycanlıların yaşadığı Şeytanbazar məhəlləsində məskunlaşıblar. 1925-ci ildə Bağır Seyidzadə Tiflisdən Bakıya gəlir. O, sonralar Lenin adını daşıyan Tağıyevin fabrikində işə düzəlir, fəhlə fakültəsinə daxil olur.
Dilarə Seyidzadənin atası Bağır Seyidzadə
1930-cu ildə fəhlə fakültəsini bitirdikdən sonra bir neçə ay “Kəndli” qəzetinin redaksiyasında korrektor işləyir. Dilarə Seyidzadə atası haqda xatirələrindən birində belə deyir: “O, hələ məktəbdə oxuyarkən işləməyə başlamışdı – divar qəzeti çıxarırdı. O, institutda tələbə divar qəzeti çıxarır, “Gənc işçi” qəzetinin redaktoru olur. O vaxt belə bir qayda vardı – kim qəzetə başçılıq edirdisə, sonra respublika komsomolu Mərkəzi Komitəsinin ideologiya üzrə katibi seçilirdi. Beləliklə, o, respublika komsomolu Mərkəzi Komitəsinin ideologiya üzrə katibi seçildi və 1941-ci ildə Əziz Əliyevin başçılıq etdiyi azərbaycanlılardan ibarət böyük bir qrupla birlikdə İrana getdi. O vaxtlar anam MK-nın Mərdəkandakı sanatoriyasının baş həkimi idi. Atam onunla xudahafizləşməyə gələndə deyir ki, İrana gedir, lakin bu barədə heç kəs bilməməlidir. Anam hamıya onun cəbhəyə getdiyini deməlidir. Anam soruşur: Ağaya da deməyim? Babam seyid idi, onun hətta yaşıl qurşağı vardı. O, bizə deyirdi ki, qurşağı bağlayacaq və heç kəs bizə toxunmayacaqdır. Atam cavab verir ki, Ağa da bilməməlidir. O, hərbi formada atasının yanına gəlib deyir: Ağa, mən cəbhəyə gedirəm. Ağa təəccüblənir, axı, oğlunun “bron”u var idi. 1941-ci il sentyabrın 15-də Bağır Seyidzadə İrana yola düşür, atası isə infarktdan dünyasını dəyişir. Anam evə qayıdanda qapının bağlı olduğunu görür. Qapını sındırırlar, babam isə artıq keçinmişdi. Anam qayınatası vəfat etdiyi üçün ərini qaytarmaq xahişi ilə MK-ya zəng edir. Onlar isə cavabında “Biz heç onun harada olduğunu bilmirik” deyirlər. Babamı MK dəfn edir. Sonralar atam uzun illər məzarlığa gedə bilmirdi”.
Diplomatik xidmət
B.Seydzadə sonra oxumaq üçün Moskvaya diplomatik kurslara gedir. Moskvada fars dilini mükəmməl öyrəndikdən sonra 1944-cü ildə İrana qayıdır, Maku şəhərində vitse-konsul işləyir, eyni zamanda Azərbaycan komsomolu MK-nın ikinci katibi vəzifəsində qalır. Cənubi Azərbaycanda milli hökumətin qurulmasında onun böyük xidməti olub. Milli hökumətin qələbəsindən sonra Makudan Təbrizdə sovet konsulluğunda işə göndərilir. Burada o, əvvəlcə vitse-konsul, sonra konsul işləməyə başlayır.
Təbrizdə konsulluq bağlandıqdan sonra Bakıya qayıdır. Atam artıq Yaxın Şərq üzrə ixtisaslaşmışdı və Türkiyəyə getməliydi. Lakin Bağırov qərara gəldi ki, o, Azərbaycanda işləməlidir, onu kinematoqrafiya naziri təyin etdi”.
Bağır Seyidzadə daha sonra yaratdığı Mətbuat İşləri üzrə İdarə başçılıq etdi. Qurum Mədəniyyət Nazirliyi ilə birləşdiriləndən sonra isə mədəniyyət nazirinin müavini olur.
Onun tutduğu vəzifədən azad edilməsinin də ilginc tarixi var. Bağır Seyidzadə nazir müavini işləyə-işləyə iki-üç kitab tərcümə edib onları nəşr etdirib. Bu səbəbdən də tərcümə işinə görə qonorar almısan deyib onun işdən çıxarıblar. O, “Azərnəşr”də kiçik redaktor işləməyə başlayıb, sonra isə Azərinforma direktor müavini vəzifəsinə dəvət edilib. “Atam azad ruhlu insan idi. Öz zəhməti, tərcümələri sayəsində dolanan nizam-intizamlı, büllur kimi saf və təmiz insan idi. O istəyirdi ki, ailəsi ehtiyac bilmədən yaşasın. Bizim hər şeyimiz vardı. Firavan həyatımızı təmin edən yeganə mənbə onun tərcümələri idi. AzərTA-dakı işindən sözün əsl mənasında zövq alırdı. Direktorun müavini olması ilə yanaşı, həmçinin tərcümə şöbəsi müdirinin vəzifələrini icra edir, bəzən qəzetin nömrəsinə gedən materialları özü tərcümə və redaktə edirdi. Nənəm, anamın anası bizimlə yaşayırdı. Nənəm bizimlə, elə anamla da Azərbaycan dilində danışırdı. Atam işdən gələndə biz rus dilinə keçirdik”.
B.Seyidzadə 55 yaşında qəfil infarkdan vəfat edib.
Məşhur Seyidzadələr…
Bağır Seyidzadənin qardaşlarından biri Məmməd Miriyev iqtisadi ədəbiyyat tərcüməçisi idi.
Digər qardaşı İbrahim Seyidov Moskvada, məşhur aviakonstruktor A.Yakovlevin başçılıq etdiyi təyyarə zavodunun direktor müavini olub. Müharibə illərində aviazavodun Novosibirskə köçürülməsinə İ.Seyidov başçılıq etmişdi. Bağır Seyidzadənin daha bir bacısı Azərbaycanın ilk qadın travmatoloq alimi, professor Həqiqət Seyidovadır. Azərbaycanda ilk rəngli filmin çəkilişi kinorejissor Hüseyn Seyidzadənin adı ilə bağlıdır. O, Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda A.Kuleşovun və S.Eyzenşteynin emalatxanasında təhsil alıb. Onun çəkdiyi kinofilmlər arasında “O olmasın, bu olsun”, “Yenilməz batalyon”, “Dəli Kür”, “Qaynana” kimi filmlər Azərbaycan kino sənətinin qızıl fonduna daxildir.
Musavat.com