Şən və Hazırcavablar Klubu (ŞHK) telelayihəsinin aparıcısı Aleksandr Maslyakovun adı son günlər böyük qalmaqallarda hallanır.

Oxu.Az xəbər verir ki, ŞHK-nın yaradıcılarından biri sayılan telejurnalist Sergey Muratovun nümayəndələri Maslyakova qarşı iddia qaldırıblar.

Telelayihənin aparıcının əlindən çıxmaq təhlükəsi var.

Muratovun dörd ildir həyatda olmamasına baxmayaraq, onun xüsusi müəllif hüquqları vərəsə kimi ailəsinə məxsusdur.

Rus mətbuatının verdiyi məlumata görə, Moskva Şəhər Fikir Mülkiyyət Məhkəməsində ŞHK markasının Aleksandr Maslyakova məxsus AMIK firması tərəfindən qanunsuz istifadə etdiyinə etiraz olaraq iddia qaldırılıb. Muratov ailəsinin nümayəndələri və Maslyakovun keçmiş ortağı, “Qrup 7” firmasının rəhbəri Dmitri İvanov 1961-ci ildə yaradılan ŞHK-nın müəllif hüquqlarını açıq şəkildə müdafiə etmək qərarına gəliblər.

Əldə edilən sənədlərə əsasən, 1986-cı ildən etibarən Maslyakov Şən və Hazırcavablar Klubunun bütün hüquqlarına sahibdir. Bu isə Muratov ailəsini narahat edən əsas səbəbdir.

Ərizə artıq məhkəmə tərəfindən qəbul olunub. Qalmaqallı prosesin ilk məhkəməsi avqust ayında Moskvada baş tutacaq.

Maslyakov isə Moskva Arbitraj Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, rəqiblərindən “YouTube”da əfsanəvi televiziya proqramının tarixi ilə bağlı sənədli filmdə ŞHK markasını istifadə etdikləri üçün 3 milyon rubl (80400 AZN – red.) təzminat ödəmələrini tələb edib.

Məşhur telelayihə uğrunda amansız mübarizə - FOTO