İyunun 25-də Ermənistanın sabiq prezidenti Robert Köçəryanın yenidən həbs edilməsi ciddi müzakirələrə və etirazlara səbəb olub.

BAKU.WS xəbər verir ki, Köçəryan tərəfdarları küçələrə axışaraq etiraz aksiyaları keçiriblər və sabiq prezidentin azadlığa buraxılmasını tələb ediblər.

Hələ mayın 18-də Köçəryan separatçı Qarabağ rejiminin indiki və keçmiş “prezidentləri” Bako Saakyan və Arkadi Qukasyanın zəmanəti ilə azadlığa buraxılan zaman bunu “Qarabağ klanı”nın Paşinyan hökuməti üzərində qələbəsi kimi dəyərləndirmişdilər. Bundan sonra isə Baş nazir Nikol Paşinyanın siyasi təzyiqləri nəticəsində hüquq-mühafizə və ədliyyə sistemində yüksək ranqlı bir neçə məmurun istefası baş tutmuşdu.
Mayın 24-də Ermənistan Ali Məhkəmə Şurasının sədri Qaqik Harutyunyanın istefa verməsi faktiki olaraq Paşinyanın məhkəmə sisteminə “gözdağı” idi. Paşinyanın Köçəryanın azadlığa buraxılmasında əli və maraqları olan bütün vəzifəliləri “zərərsizləşdirdikdən” sonra, onu yenidən həbsə göndərməyi bacarıb.

Məsələnin maraqlı tərəfi budur ki, bu proseslər Rusiya ilə Paşinyan hökumətinin arasının soyuduğu və Putinin Köçəryana açıq dəstəyini nümayiş etdirdiyi bir vaxta baş tutub.

Siyasi ekspert Firuzə Hüseyn bildirib ki, Paşinyanın Köçəryanın həbsdə saxlanılmasına göstəriş verməsinə səbəb “Qarabağ klanı”nın onu devirə bilmə qorxusudur. Politoloq hesab edir ki, Köçəryan xüsusilə də Rusiyanın Ermənistandakı sağ əli olduğu üçün bu, Paşinyanın planlarını alt üst edirdi:

“Bildiyiniz kimi Paşinyan qərbyönümlü siyasət yürütdüyü üçün ənənəvi Ermənistan-Rusiya münasibətlərində soyuqluq yaranmışdı.Üstəgəl, Köçəryanın axırıncı çıxışları zamanı Paşinyana meydan oxuyaraq nitqlər söyləməsi Paşinyanı bir az da qorxuya saldı. Paşinyanın onu həbsdə saxlamaqdan başqa yolu yoxdur. Çünki, Köçəryan həmişəlik azadlığa çıxarsa, Paşinyanla yerləri dəyişəcək. Yəni Robert əvəzini Paşinyandan çıxacaq. Buna görə də baş nazir Köçəryanın imkanlarını maksimum azaltmaq istəyir”.

Köçəryanın həbs edilməsi Paşinyanın son çırpınışlarıdır - İkili siyasət fiaskoya uğrayır
F.Hüseyn sözlərinə əlavə edib ki, Köçaryan çıxışları zamanı Paşinyanın Qarabağa ağır yük kimi baxmasından söz edərək onu bir növ bacarıqsızlıqla, zəifliklə ittiham edib. Bundan əlavə Köçəryan Paşinyanı qondarma DQR-nin işlərinə qarışmaqda ittiham edib. O bildirib ki, nə özü, nə də Sarkisyan Qarabağın işlərinə qarışmayıb. Köçaryanın iddiasına görə, Paşinyan qondarma DQR-yə təsir göstərməklə Ermənistanın danışıqlar zamanı mövqeyini zəiflədir:

“O, bir tərəfdən istəyir ki, anti-hakimiyyət çıxışları ilə Paşinyanın reytinqini endirsin və öz köhnə titulunu qazanaraq güc sahibi olsun. Bir tərəfdən də Köçəryan özü də qorxur ki, Paşinyan Qərbə meyl etməklə, Qərb Cənubi Qafqaza ayaq açacaq və bu da Rusiya ilə tamamən vidalaşmalı olacaq. Köçəryan bunlardan sonra Kremlin Qarabağ məsələsində neytral qalmasından da ehtiyat edir. Bu da o deməkdir ki, Ermənistan Qarabağı işğalda saxlamaqda Rusiyaya arxalanır. Ona görə də Rusiya-Ermənistan münasibətləri onun üçün bu qədər önəmlidir:
“Paşinyan isə Köçaryanı hal-hazırda həbsdə saxlamaqla baş verəcəkləri sadəcə ləngidə bilər. Çünki baş verən son olaylar hamısı onun əleyhinədir”.

Politoloq Kamran Sultanlı da məsələ ilə bağlı qeyd edib ki, Paşinyan Dağlıq Qarabağ amilini Ermənistan xarici siyasətindən söküb atmaq istəyir:

“Köçəryan Dağlıq Qarabağın başına keçsəydi, bu bizim maraqlarımıza uyğun olmazdı. Bu, Kremlin Dağlıq Qarabağda daha da mövqelərini gücləndirməsinə gətirib çıxara bilərdi.

Köçəryanın həbs edilməsi Paşinyanın son çırpınışlarıdır - İkili siyasət fiaskoya uğrayır
Paşinyan Erməni Milli Konqresinin sədri olan Levon Ter Petrosyanın acı taleyini yaşamaq istəmir və balansa meyl edir. Baxmayaraq ki, özü aşkar olaraq Qərb yönümlüdür. Paşinyanın balans siyasəti iki erməni dövləti prinsipinə uyğundur. Yəni, Dağlıq Qarabağ Ermənistan siyasətindən çıxarılır, danışıqlarda ayrıca tərəf kimi iştirak edir və Dağlıq Qarabağ Rusiyanın, Ermənistan isə Qərbin təsir dairəsinə keçir. Dağlıq Qarabağ münaqişəsi Ermənistan siyasətində olduqca Ermənistan əsla Qərbə yaxınlaşa bilməz. Bunun üçün münaqişənin həlli lazımdır. Lakin Ermənistan dövləti buna gedə bilməz. Çünki Qarabağ ultraşovinist erməni cəmiyyətinin tələbidir. Belə olan halda da Paşinyan Qarabağı Ermənistanın siyasi həyatından çıxartmaqla iki dövlət prinsipini həyata keçirməyə çalışır. Lakin Rəsmi Bakı bu senarini əsla qəbul etməyəcək. Həmçinin, Rusiya da Cənubi Qafqazı Qərbdən və NATO-dan (Türkiyə) ayıran Ermənistanın Qərbin vektoruna keçməsinə əsla maraqlı olmayacaq”.