Xaricdə təhsil almaq istənilən bir gəncin həyata keçirmək istədiyi əsas hədəflərindən biridir desək, yalan olmaz. Azərbaycan Respublikası Gənclər Fondu hədəflərinə çatmaq istəyən Azərbaycan gəncinə əlverişli imkanlar yaradır. Belə ki, Azərbaycan Respublikasının Gənclər Fondu gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilinin maliyyələşdirilməsi üzrə bu ilin may ayının 23-dən etibarən müsabiqə elan edib . Müsabiqə müddəti 23 iyun 2019-cu il saat 18:00-dir. Müsabiqədə 16-29 yaş arasında olan Azərbaycan Respublikasının vətəndaşları magistr təhsil pilləsi üzrə müraciət edə bilərlər.
Mövzu ilə əlaqədar olaraq Gənclər Fondunun Beynəlxalq əməkdaşlıq və donorlarla iş şöbəsinin müdiri Vüsalə Niftəliyeva BAKU.WS–in suallarını cavablandırıb:
– Vüsalə xanım, əvvəlcə aydınlaşdırmaq istərdik ki, elan olunan xaricdə təhsil proqramı “2007-2015” – ci illəri əhatə edən dövlət proqramı ilə əlaqəsi varmı?
– Əvvəla xatırlatmaq istərdim ki, 2018-ci il mart ay 7-də cənab prezident İlham Əliyevin Fərmanı ilə Azərbaycan Respublikası Gənclər Fondunun nizamnaməsində dəyişiklik edilib. Bu dəyişikliyə əssən fondun bütün fəaliyyət istiqamətləri genişlənib. Bunlardan biri də məhz gənclərin xarici nüfuzlu ali təhsil müəssisələrində təhsilinin maliyyələşdirilməsidir. Bu, həmin o sizin dediyiniz dövlət proqramının davamı deyil. Sadəcə olaraq Gənclər Fonduna verilən yeni imkanlardan biridir. Fond ilk dəfə olaraq bu proqramı pilot layihə kimi həyata keçirir.
– Bu proqramın tətbiqi hansı proseslərə əsasən icra olunur?
– Birinci növbədə Gənclər Fondu Təhsil Nazirliyinin təcrübəsindən yararlanır. Hazırda Fondla adiyyatı qrumlar, eləcə də Təhsil Nazirliyi arasında işçi qrupu yaradılıb. Fondun Müşahidə Şurası tərəfindən müəyyən edilən qaydalarına əsəsən xaricdə təhsil proqramı elan olunub. Qeydiyyatdan keçmiş şəxsin göstəricilərinə Fond tərəfindən baxılaraq Fondun Müşahidə Şurasına göndərilir. Müşahidə Şurasının yazılı razılığına əsasən, şəxsin xaricdə təshilinin maliyyələşirilməsi məsələsi öz təsdiqini tapır.
– Qeyd olunan ixtisaslar hansı şərtlərə əsasən təyin olunub?
– Bilirsiniz ki, bu müsabiqənin əsas qaydaları var. Birincisi, Gənclər Fondu ölkədə pioritet sayılan ixtisaslarla bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetin dövlət qurumlarına yönləndirilən məktubla müraciət edib. Bu müraciət əsasında siyahı hazırlanıb. Aidiyyatı qurumlar tərəfindən ölkədə hansı kadrlara ehtiyac olması müəyyənləşdirilib. Məhz bunların nəticəsində 8 təhsil ixtisas qrupu üzrə, 74 ixtisasa yer verilib. Əsas məqsədlərdən biri ölkənin ixtisas ehtiyaclarının təmin olunmasıdır.
– Universitetlərin siyahısı hansı meyarlara əsasən müəyyən olunub?
– Bu proqram dünyanın top 100 reytinqinə daxil olan ABŞ və Böyük Britaniya universiteti, top 500-ə daxil olan isə Avropa, Türkiyə və Rusiyadan olan təhsil ocaqlarını əhatə edir.
– Təhsil haqqının maliyyələşdirilməsi hansı kateqoriyalara bölünür?
– Təhsil müəssisəsindən dəvət məktubu alan gənclərə maliyyə dəstəyi göstəriləcəkdir. Gənc qeydiyyatdan keçdiyi anda mütləq dəvət məktubunu yükləməlidir. Mən qeydiyatdan keçmişəm, daha sonra dəvət məktubunu sizə təqdim edəcəm, belə bir hal yol verilməzdir. Daha sonra Fondun xaricdə təhsil üzrə müəyyən etdiyi meyarlara cavab verən gənclərin təhsil, yaşayış, yol, sığorta və viza xərcləri qarşılanacaqdır. Bu məqamı da vurğulayım ki, Gənclər Fondunun pilot layihəsi olsa belə, biz istəmədik ki, ABŞ və Böyük Britaniya universitetinin təqaüdünü qazanan şəxslər kənarda qalsın. Bu şəxslərin də zəruri xərcləri qarşılanacaqdır. Bir daha aydınlaşdırmaq istərdim ki, heç bir təqaüd qazanmayan gənclərə də maliyyə dəstəyi göstəriləcək.
– Kimlərə üstünlük veriləcək?
– Birinci növbədə gəncin baklavr təhsil ixtisası magistr təhsili ixtisasına uyğun gəlməlidir. Gəncin dəvət aldığı ixtisas bizim elan etdiyimiz pioritet ixtisaslar sırasında olmalıdır. Daha sonra gəncin xarici dil bilgisini təsdiq edən sertifikatının olması da əsasdır. Bir də təhsil aldığı zaman müvvəfəqqiyət göstəricisi önəmlidir. Daha sonra isə Azərbaycanda magistr təhsil pilləsi üzrə dövlət sifarişi ilə təhsil almaması və ötən illərdə olan xaricdə təhsil dövlət proqramında iştirak etməməlidir.
– Bu proqrama nə qədər gənc müraciət edə bilər? Limit var?
– Əslində say bəlli etməmişik. Pilot layihə olduğu üçün daha çox gənci əhatə edə bilməyəcəyik. Onlarla gənc olacaq. Hələki, maliyyə məsələsi hələ bəlli deyil. Amma təəssüf ki, Gənclər Fondu ilk layihədə yüzlərlə gəncin maliyyə məsələsini həll edə bilməyəcək.
– Fiziki imkanları qismən məhdud gənclərə yer veriləcək?
– Bununla bağlı heç bir məhdudiyyət yoxdur. Əksinə, əgər iki gənc arasında seçim etmiş olsaq, üstünlüyü fiziki imkanı məhdud və sosial qayğıya ehtiyacı olan gənclərə verəcəyik.
– Prioritet ixtisaslar sırasında kulinariyaya yer verilməyib. Səbəb?
– Gənclər Fondu Mədəniyyət Nazirliyinə, Dövlət Turizm Agentliyinə müraciət edib. Onların verdikləri təklifər əsasında turizmlə bağlı ixtisaslar müəyyən olunub. Əgər, Dövlət Turizm Agentliyi bizə kulinariya ixtisasın təklif etsəydi, məmnuniyyətlə əlavə edərdik.
– Ötən illərdə Dövlət proqramı ilə xaricdə təhsil alıb vətənə dönməyən gənclərin də sayı az olmadı. Sözügedən proqramda məhz bu məsələ necə tənzimlənəcək?
– Bəli, belə hallar olur. “2007-2015”- ci illəri əhataə edən dövlət proqramında belə bir öhdəlik vardır ki, təhsil alıb gəldikdən sonra 5 il Azərbaycanda işləməlisən. Bizim müqavilədə hazırda belə bir öhdəliyə yer verilməyib. Amma müraciətlərin sayında və gedişatda gəncin təhsil aldıqdan sonra Azərbaycana qayıtması onun marağında olacaqdır. Onların ehtiyac və tələbatların qarşılamaq üçün lazimi addımlar atılacaq.
– Başqa hansı istiqamətlər üzrə Gənclər Fondunun səlahiyyətləri genişləndirilib?
– Gənclər Fondunun yeni imkanlarıdan biri gənclərin beynəlxalq təşkilatlarda (BMT, ATƏT, NATO və.s )təcrübə proqramlarına qoşulmasıdır. Sözügedən beyəlxalq təşkilatlarda azərbaycanlı gənclərin iştirakına az rast gəlindi. Və yeni nizamnamədə isə bu boşluqlar demək olar ki, öz həllini tapır. Tələbələri mütəmadi olaraq Avropa Parlamentinə təcrübə proqramına yola salmışıq.