Son günlərdə “Huawei” və “Honor” şirkəti ətrafında gedən proseslər bu şirkətlərin məhsullarını istifadə edən şəxsləri narahat edir.
Minval.info xəbər verir ki, adı çəkilən şirkətlər ABŞ-Çin iqtisadi əlaqələrindəki böhrandan ən çox əziyyət çəkənlərdəndir. Məlum olduğu ki, ABŞ Ticarət Nazirliyi “Huawei”i qara siyahıya salıb. Telekommunikasiya sektorunun nümayəndəsi bundan sonra “Android” sistemindən də məhrum olacaq. Daha bir zərbə isə “Google”dan gəlib. Bu şirkət də “Huawei” ilə əməkdaşlığı dayandırıb. Bunun ardınca, adı çəkilən telekommunikasiya sektorunun nümayəndəsinə qarşı sanksiyalara “Facebook” da qoşulub. Görünən odur ki, yaxın gələcəkdə “Whatsapp”, “Facebook”, “İnstagram” kimi platformalar “Huawei” şirkətinə məxsus məhsullarda işləməyəcək.
Azərbaycanda rəsmi olaraq “İrşad Electronics” şirkəti “Honor” brendinin distribütorudur. Müştərilər sözügedən şirkətin smatfonlarını məhz bu mağazalar şəbəsindən əldə edir.
Belə problemin yarandığı dövrdə “Honor” mobil telefonları almış şəxslər məhsulları geri qaytara biləcəklərmi?
Minval.info məsələ ilə bağlı “İrşad Electronics”lə əlaqə saxladı. Saytımıza açıqlama verən Marketinq şöbəsinin məsul şəxsi bildirdi ki, müştərilərin narahalığına səbəb olacaq durum yoxdur:
“”Huawei” şirkəti bütün mövcud “Huawei” və “Honor” smartfon, eyni zamanda tabletlərdə “Google” təhlükəsizlik sisteminin, mobil tətbiqlərin yenilənməsini davam etdirəcəyini söz verir. Lakin dəyərli müştərilərin əmin olması üçün “İrşad Electronics” şirkətin topdan və pərakəndə məntəqələrindən əldə edilmiş bütün “Honor” brendinin məhsullarına gələcəkdə “Google” təhlükəsizliyi və ya mobil tətbiqlərinin yenilənməsi ilə bağlı hər hansı proqram təminatında nasazlıq yarandığı halda qeyd-şərtsiz zəmanət verməyi öz öhdəsinə götürür”.
Xatırladaq ki, problem ABŞ-ın Çindən gələn məhsullara idxal tariflərini artırmasıyla başladı. Çinlilər təxminən 200 milyard dollar artıq ödəmək məcburiyyətində qalacaq. Asiya ölkəsindən də analoji zərbə gəldi. ABŞ məhsullarına tariflər 60 milyard dollar artırıldı.
Məlumat üçün qeyd edək ki, daha sonra yayılan informasiyalara görə, “Huawei” şirkətinin indiyədək satılmış, hazırda satışda, həmçinin anbarlarda olan məhsulları ABŞ sanksiyalarına daxil deyil.
Samir Mirzə
Minval.info