Təhsil naziri Ceyhun Bayramov ölkənin gündəminə çevrilən, 162 nömrəli tam orta məktəbin intihar edən 8-ci sinif şagirdi Elina Haciyeva ilə bağlı aparılmış xidməti araşdırmanın nəticələrinin açıqlanmasına dair media nümayəndələri ilə görüş keçirib.
Musavat.com xəbər verir ki, görüşdə nazir, son zamanlar cəmiyyətdə yaranmış suallara aydınlıq gətirib. Nazir əvvəlcə şagird ölümü ilə nəticələnən faciəvi hadisənin təəssüf hissi doğurduğunu vurğulayıb.
Təhsil naziri qeyd edib ki, baş vermiş hadisənin təfərrüatlarının dərhal araşdırılması məqsədilə Bakı şəhəri üzrə Təhsil İdarəsində komissiya yaradılıb: “Bakı şəhər Prokurorluğunun məlumatına əsasən faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. Xidməti araşdırmanın ilkin nəticələrinə əsasən, məktəbin direktoru Abbasova Sevinc Kamil qızı xidməti araşdırma müddətində öz vəzifəsindən kənarlaşdırılıb. Eyni zamanda hadisənin baş vermə şəraitinin, səbəblərinin və digər təfərrüatlarının kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə geniş müzakirə edildiyini, bəzi hallarda bir-birinə zidd olan və mötəbərliyi yoxlanılmamış məlumatlar əsasında fərziyyə və ehtimalların irəli sürüldüyünü, baş vermiş hadisənin həssaslığını və faktla bağlı cinayət işi üzrə istintaq tədbirlərinin aparıldığını nəzərə alaraq, müvafiq komissiya tərəfindən aparılan xidməti araşdırma başa çatanadək nəticələrin ictimaiyyətə açıqlanmaması zərurəti yaranıb”.
Media nümayəndələrinin diqqətinə çatdırılıb ki, aparılmış xidməti araşdırma nəticəsində Bakı şəhəri 162 nömrəli tam orta məktəbin direktoru (Abbasova Sevinc Kamil qızı), tərbiyə işləri üzrə direktorun müavini (Məhərrəmova Lalə Arif qızı), sinif rəhbəri (Mehdiyeva Çimnaz Hacıağa qızı) və məktəbin psixoloqunun (Ağayeva Könül İsmayıl qızı) əmək müqaviləsində və aidiyyəti normativ sənədlərdə nəzərə tutulmuş bir sıra vəzifə funksiyalarının icrasını təmin etmədikləri məlum olub.
Tədbir davam edir.